BMT çərçivəsində uşaqların pulsuz təhsil hüququnun gücləndirilməsi məqsədilə yeni hüquqi sənəd hazırlanması istiqamətində danışıqlar davam edir.
QHT.az xarici mediaya istinadən bildirir ki, Human Rights Watch-un 22 sentyabr tarixində yayımladığı məlumata görə, BMT-də Uşaq Hüquqları Konvensiyasına uşaqların təhsil hüququnu gücləndirəcək yeni əlavə protokolun hazırlanması müzakirə olunur. Təklif olunan sənəd erkən uşaqlıq dövründə qayğı və təhsili də təhsil hüququnun tərkib hissəsi kimi tanımağı nəzərdə tutur.
Təklifə əsasən, uşaqlar üçün ən azı bir illik pulsuz dövlət məktəbəqədər təhsilinin, eləcə də bütün uşaqlar üçün pulsuz dövlət orta təhsilinin təmin edilməsi nəzərdə tutulur. BMT-nin Cenevrədə 31 avqust–2 sentyabr tarixlərində keçirilən ikinci sessiyasında prosesin növbəti mərhələsinə keçidlə bağlı müzakirələr aparılıb.
Müzakirələrdə uşaqların özləri də iştirak edib. Müxtəlif regionları təmsil edən beş uşaq nümayəndəsi danışıqlara birbaşa qatılıb və 8 100-dən çox uşağın fikirlərini çatdırıb. Təşkilatın məlumatına görə, bu, uşaqların BMT-də insan hüquqları haqqında müqavilənin formalaşdırılması prosesində birbaşa iştirak etdiyi ilk haldır.
QHT nümayəndələrinin rəyi:
Müzakirələrdə iştirak edən “Girls Not Brides” təşkilatı qızların orta məktəbdə təhsilini davam etdirməsinin uşaq nikahlarının qarşısının alınmasında mühüm vasitələrdən biri olduğunu vurğulayıb. “Education International” erkən uşaqlıq təhsilinə kifayət qədər investisiya qoyulmamasının özəl və kommersiya təhsil xidmətlərinə çıxışı artıraraq bərabərsizliyi dərinləşdirə biləcəyini bildirib. “International Disability Alliance” isə pulsuz təhsilin əlilliyi olan uşaqların bərabər iştirak etməsi üçün zəruri əlavə dəstək və uyğunlaşdırmaları da əhatə etməsinin vacibliyini qeyd edib.
Zəhra Ağayeva












