Xalqımızın Ümummilli lideri, dünya şöhrətli dövlət xadimi və dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ölkəmizdə böyük təntənə və ruh yüksəkliyi ilə qeyd olunur. Ölkə əhalisi və xaricdə yaşayan soydaşlarımız əbədiyaşar Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onun zəngin irsinin tədqiqi və təbliğinə həsr olunmuş genişmiqyaslı tədbirlərdə iştirak edirlər.

 

Bütün fəaliyyəti dövründə unudulmaz Heydər Əliyevin doğma xalqına, ölkə vətəndaşlarına, eləcə də əmək və müharibə veteranlarına, ahıl yaşlı insanlara göstərdiyi diqqət və qayğı hər bir kəsə məlumdur. Ulu Öndər əhalinin həssas qrupuna aid olan insanların, o cümlədən ahılların sosial problemlərinin həllinə, onlara maddi və mənəvi dəstək göstərilməsinə yönəlmiş dövlət siyasətinin əsasını qoymuş, müvafiq fərman və sərəncamlar imzalamış, köklü islahatlar həyata keçirmişdir.

 

Əsası Ulu Öndər tərəfindən qoyulmuş və ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə yönəlmiş dövlət siyasəti bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Sosial siyasətin gerçəkləşməsində rəsmi dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatları da fəal iştirak edirlər. Bu gün ölkəmizdə fəaliyyət göstərən bu cür çoxsaylı təşkilatlardan biri də “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyidir (ATD İB). 

 

Fəaliyyəti dövründə çoxsaylı sosial layihələr həyata keçirmiş, yaşlı və tənha insanların sosial problemlərinin həllində yardımçı olmuş ATD İB müstəqil və demokratik dövlətimizin memarı, xalqımızın xilaskarı, Azərbaycan vətəndaşı olması ilə daim fəxr edən Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyini yeni layihəyə imza atmaqla qeyd etmək qərarına gəlib. QHT-nin İdarə Heyətinin bu əlamətdar təqvim günündə təşkilatın fəalları ilə keçirilmiş geniş iclasında İctimai Birliyin Nizamnaməsinin mətbu nəşrlər təsis etmək hüququnun təsbit edildiyi müvafiq maddəsinə uyğun olaraq, dövri mətbuat orqanının - yaşlılar üçün “Nəsildən nəslə” adlı elmi-populyar və ədəbi jurnalın buraxılışı barədə qərar qəbul edilib.

 

Bu gün Azərbaycan oxucularına kifayət qədər qəzet və jurnallar təqdim olunur. Bir çox rəsmi qurumların, dövlət və qeyri-hökumət təşkilatlarının, fərdi şəxslərin təsis etdikləri, geniş oxucu kütləsinə və ya ayrı-ayrı sosial qruplara, uşaqlara və gənclərə, müxtəlif peşə sahiblərinə ünvanlanmış dövri nəşrlərin sayı yetərincədir. Lakin ahıl yaşlı oxucu kütləsi sanki unudulmuşdur. “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi yeni dövri nəşri təsis etməklə bu boşluğun doldurulması işinə töhfə vermək, dövlətin ahıl və tənhaların sosial problemlərinin həllinə yönəlmiş sosial siyasətinin təbliğində, bu istiqamətdə həyata keçirilən tədbirlərin işıqlandırılmasında, əhalinin həssas qrupuna aid olan yaşlı və tənha insanların maarifləndirilməsində, onların fiziki və psixoloji sağlamlığının qorunması, sağlam qidalanması, oxucu maraqlarının təmin edilməsi və müasir cəmiyyətə daha fəal şəkildə inteqrasiya olunmasında yardımçı olmaq niyyətindədir. Təşəbbüsümüz dünyanın bir çox inkişaf etmiş ölkələrində oxucu auditoriyası yaşlılardan ibarət olan çoxlu sayda qəzet və jurnalların olduğu halda, Azərbaycanda belə bir dövri nəşrin mövcud olmaması, yaşlı insanlardan ibarət geniş oxucu kütləsinin öz maraqlarına və zövqünə uyğun dövri çap məhsulundan faydalanmaq imkanından məhrum olması ilə bağlıdır. 

 

Jurnalda mütəmadi olaraq müxtəlif mövzularda məqalə, oçerk və müsahibələrin, yaşlı insanlarla ünsiyyət quran sosial xidmət işçiləri, hüquqşünaslar və psixoloqlar üçün tövsiyələrin, təqaüdçülər üçün müxtəlif güzəştlər və sosial proqramlara dair yeniliklərin, sağlamlığın qorunması və möhkəmləndirilməsi, yaşla bağlı xəstəliklərin müalicəsi və profilaktikası ilə bağlı faydalı məlumatların, həkim və dietoloq məsləhətlərinin, kulinariya və bağçılıqla bağlı reseptlər və tövsiyələrin, folklor və bədii yaradıcılıq nümunələrinin, müxtəlif növ dekorativ əşyaların, əl işlərinin hazırlanması və məişətdə təsərrüfat işlərinin aparılması ilə bağlı ustad dərsləri və təcrübə mübadiləsinin, rəngarəng əyləncə materiallarının, eləcə də nəvələrə oxumaq üçün nağıl və tapmacaların, yaşlı oxucuların müəllifi olduqları bədii yaradıcılıq nümunələrinin təqdim edilməsi nəzərdə tutulur.

 

Nəşrin özəlliyi onun ərsəyə gəlməsində oxucuların özlərinin fəal yaradıcı iştirakını təmin etməkdən, rubrikalar, mövzular və tərtibatla bağlı təkliflərini mütləq qaydada nəzərə almaqdan, zəngin həyat və əmək təcrübəsinə malik adi insanları cəmiyyətə tanıtmaqdan ibarət olacaqdır. Hər bir buraxılışı sosial şəbəkədə yerləşdirməklə oxucularla interaktiv ünsiyyət qura biləcəyimizə ümid bəsləyirik.

 

İnanırıq ki, Ulu Öndərimizin yubiley günündə irəli sürülmüş bu təşəbbüs vətəndaş cəmiyyəti tərəfindən layiqincə dəyərləndiriləcək. 

 

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi “Nəsildən nəslə” jurnalının ərsəyə gəlməsində iştirak etmək istəyi olan hər bir kəsi, dövri nəşrlərin hazırlanmasında təcrübəsi olan jurnalistləri və mətbuat işçilərini, yazarları və tərcüməçiləri, potensial oxucuları və yaradıcı gəncləri əməkdaşlığa dəvət edir. Tövsiyə və təkliflər İctimai Birliyə [email protected] elektron poçt ünvanı vasitəsilə təqdim edilə bilər.

Gəlin əl-ələ verib ahıl yaşlı oxucularımızı hamılıqla sevindirək.

 

   Ruhiyyə Məmmədova

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri