26 fevral 1992-ci il Azərbaycanın tarixində ən faciəli hadisələrdən biri kimi yadda qalıb. Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri və onlara dəstək verən erməni terrorçuları tərəfindən 613 nəfər mülki şəxs, o cümlədən 63 uşaq, 106 qadın və 70 yaşlı insan amansızlıqla qətlə yetirilib.

İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri Fəridə Mirişova QHT.az-a açıqlamasında bildirib ki, Xocalı faciəsi dünya tarixində ən dəhşətli soyqırımlardan biri olsa da, beynəlxalq səviyyədə tam tanınmayıb:

"Xocalı bizim qan yaddaşımızdır. Keçən əsrin əvvəllərində xalqımıza qarşı törədilən vəhşiliklərdən çox da uzun zaman keçməmişdi. Bizdən əvvəlki nəsillərə bu soyqırımları unutdurmağa çalışmışdılar. Amma biz Xocalını unutmadıq və unutdurmayacağıq. Gələcək nəsillər bu tarixi bilməli və ayıq olmalıdırlar. Təəssüf ki, bizim belə qonşularımız var. Lakin Xocalı bizim ən böyük qisasımız idi. Şükürlər olsun ki, Xocalıya və digər işğaldan azad edilən torpaqlarımıza qayıtdıq. Lakin unutmadıq!"

Fəridə Mirişova vurğulayıb ki, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində hüquqi və diplomatik mübarizə davam edir, Azərbaycan xalqı bu faciəni daim xatırlayacaq və onun qurbanlarının ruhunu anmağa davam edəcək.

 

Pərvanə Fərhadqızı