Araz Bahadır oğlu Səlimov 1 iyun 1960-cı ildə Xocalı şəhərində anadan olub. 1978-1980-ci illərdə hərbi xidmətdə olub və tərxis olunduqdan sonra doğma yurdu Xocalıya qayıdıb.

QHT.az xəbər verir ki, 1988-ci ildən başlayaraq ermənilərin millətçilik və işğalçılıq siyasəti geniş vüsət almağa başlayanda Araz könüllü olaraq Xocalı özünümüdafiə batalyonlarından birinə qatılıb. Dəfələrlə qaynar döyüşlərdə iştirak edən Araz Səlimov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə törətdiyi Xocalı Soyqırımı zamanı şəhərin müdafiəsi üçün son gülləsinədək mübarizə aparıb və dinc əhalinin buradan çıxmasına şərait yaradıb. Onun izinə düşən erməni silahlıları Araz Səlimovu və qardaşı Fəxrəddin Səlimovu Əsgəran rayonunda qətlə yetiriblər. Xocalı faciəsi zamanı Araz Səlimovun ailəsindən üç nəfər şəhid olub: özü, qardaşı və atası.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə Səlimov Araz Bahadır oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!