Suriyada fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlar ölkənin cənubunda gərginliyin artması fonunda mülki əhalinin təhlükəsizliyinin təmin olunmasına çağırış ediblər.
QHT.az xarici mediaya istinadən bildirir ki, Suriya üzrə QHT Forumu yaydığı bəyanatda son hərbi əməliyyatların humanitar vəziyyəti daha da ağırlaşdırdığını bildirib. Təşkilatlar qeyd ediblər ki, davam edən toqquşmalar nəticəsində minlərlə insan öz evlərini tərk etmək məcburiyyətində qalıb, humanitar yardıma ehtiyac isə sürətlə artır.
Bəyanatda humanitar yardım əməkdaşlarının təhlükəsiz fəaliyyət göstərməsi və ehtiyacı olan insanlara maneəsiz çıxışın təmin edilməsinin vacibliyi vurğulanıb. QHT-lər beynəlxalq humanitar hüququn normalarına əməl olunmasının və mülki əhalinin qorunmasının bütün tərəflərin öhdəliyi olduğunu xatırladıblar.
Forum beynəlxalq ictimaiyyəti bölgədə gərginliyin azaldılması üçün diplomatik səyləri gücləndirməyə və humanitar böhranın dərinləşməsinin qarşısını almaq üçün təxirəsalınmaz addımlar atmağa çağırıb.






