Beynəlxalq humanitar təşkilatlar Qəzza zolağının cənubunda yaradılması nəzərdə tutulan yeni “humanitar zona” planının beynəlxalq humanitar hüququn prinsiplərinə zidd ola biləcəyi barədə xəbərdarlıq ediblər.

QHT.az xarici mediaya istinadən bildirir ki, hüquq müdafiəçiləri və yardım təşkilatlarının nümayəndələri bildiriblər ki, mülki əhalinin məhdud ərazilərə köçürülməsi humanitar yardımın müstəqilliyini zəiflədə və insanların təhlükəsizliyini daha da risk altına sala bilər. Onların fikrincə, yardımın göstərilməsi hərbi və ya siyasi şərtlərlə əlaqələndirilməməli, beynəlxalq humanitar hüququn tələblərinə uyğun həyata keçirilməlidir.

QHT-lər həmçinin qeyd ediblər ki, Qəzzada davam edən humanitar böhran fonunda əhalinin əsas ehtiyaclarının qarşılanması üçün təhlükəsiz və maneəsiz humanitar çıxış təmin olunmalıdır. Təşkilatlar beynəlxalq ictimaiyyəti mülki şəxslərin müdafiəsi və humanitar yardımın fasiləsiz çatdırılması üçün daha fəal addımlar atmağa çağırıblar.

Ekspertlərin fikrincə, bölgədə humanitar vəziyyət ağır olaraq qalır və hər hansı yeni mexanizmin tətbiqi beynəlxalq humanitar hüququn əsas prinsiplərinə tam uyğun şəkildə həyata keçirilməlidir. Humanitar təşkilatlar münaqişə tərəflərini mülki əhalinin təhlükəsizliyini prioritet hesab etməyə və beynəlxalq öhdəliklərə əməl etməyə çağırıblar.