“Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra ilk dəfədir ki, bütün ərazidə seçki keçiriləcək. Bu tarixi siyasi hadisə ölkəmizin həyatında böyük rol oynayacaq”.
Bu fikri “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin sədri Telman Dadaşov QHT.az-a açıqlamasında bildirib. QHT sədri düşünür ki, ölkəmizin Beynəlxalq nüfuzuna təsiri nəzərə alaraq QHT-lər seçkilərin demokratik və qanunlar əsasında keçirilməsinin təşviqində və təmin olunmasında fəal iştirak etməlidir: “Bu məqsədlə QHT-lər seçicilərin maarifləndirilməsində, seçkilərin müşahidə olunmasında və ekzetpol keçirilməsində iştirak edə bilərlər. Ümumiyyətlə QHT-lər seçki hüququ ilə bağlı əhali arasında maarifləndirilmə işi aparmalıdılar”.
Qeyd edək ki, bu gündən prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqatın aparılmasına başlanılır. Təşviqat qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxslər tərəfindən aparılır.
Pərvanə Fərhadqızı










