İsrail ordusu Qəzza zolağında fəaliyyət göstərən Türkiyənin “Deniz Feneri” humanitar təşkilatının direktorunun hava zərbəsi nəticəsində öldürüldüyünü açıqlayıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, İsrail tərəfinin məlumatına görə, söhbət Səqr Nabil Musa Qeysindən gedir. Ordu onun HƏMAS-ın “Nuxba” adlı xüsusi dəstəsinin üzvü olduğunu və təşkilat rəhbəri kimi fəaliyyətindən humanitar sektordan istifadə etdiyini iddia edib.

Bildirilib ki, Qeysi Xan Yunis ərazisinə endirilən zərbə zamanı öldürülüb. Əl-Əqsa xəstəxanası da onun avtomobilə endirilən zərbə nəticəsində öldüyünü açıqlayıb.

İsrail ordusu Qeysinin HƏMAS rəhbərliyi və Türkiyə rəsmiləri ilə əlaqələrinin olduğunu da iddia edib. Ordu bu iddiaların əsaslandırılması üçün açıqlamasında müstəqil sübut təqdim etməyib.