Yeni araşdırmaya görə, rəqəmsal medianın uşaqların sağlamlığına mənfi təsirləri artsa da, ondan düzgün istifadə uşaqlar üçün faydalı ola bilər. Mütəxəssislər bildirirlər ki, xüsusilə psixi sağlamlıq baxımından həssas, sosial dəstəyi az və rəqəmsal savadlılığı aşağı olan uşaqlar daha çox risk altındadır.

QHT.az xarici mediaya istinadən bildirir ki, araşdırmada rəqəmsal media istifadəsinin müxtəlif sağlamlıq problemləri ilə əlaqəli olduğu qeyd edilir. Bununla belə, tədqiqatlar bu istifadənin birbaşa səbəb olduğunu hər zaman sübut etmir.

Mütəxəssislərin fikrincə, rəqəmsal media uşaqlara özlərini ifadə etmək, yeni məlumatlar əldə etmək, əylənmək və sosial əlaqələr qurmaq imkanı yarada bilər. Bunun üçün valideynlərin uşaqları yalnız məhdudlaşdırmaq əvəzinə, onların internetdə nə etdiyini anlaması və onlarla birlikdə məzmun izləməsi tövsiyə olunur.

Psixoloqlar həmçinin uşaqlara rəqəmsal mediadan istifadə zamanı öz hiss və davranışlarına diqqət etməyi öyrətməyi məsləhət görürlər. Beləliklə, uşaqlar onlara mənfi təsir edən məzmundan uzaqlaşaraq texnologiyadan daha sağlam şəkildə istifadə edə bilərlər.

Zəhra Mansırova