“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi” adlı layihənin sonuncu tədbirini Kəlbəcər şəhərində həyata keçirib.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (Mine Action Agency of the Republic of Azerbaijan - ANAMA) tərəfdaşlığı ilə birgə həyata keçirdiyi qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.
Bu layihənin əsas məqsədi işğaldan azad edilmiş Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və Kəlbəcər rayonlarına daimi yaşamaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin, bu ərazilərdə işləyən və təhsil alan şəxslərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi, partlayış risklərinin azaldılması və təhlükəsiz davranış vərdişlərini formalaşdırılmasıdır.
Sonuncu maarifləndirmə tədbiri Kəlbəcər şəhərində fəaliyyət göstərən məktəbdə təşkil olunmuşdur. Tədbirdə məktəbin müəllimləri və şagirdləri iştirak etmişlər.
Layihə rəhbəri iştirakçılara layihənin məqsədi və onun donorları, ölkəmizdə mina təmizləmə əməliyyatları və mina qurbanları, təlimçilər tərəfindən minaların növləri, tələ və sürpriz minalar, partlamamış hərbi sursatlar, onların yaratdığı təhlükələr, təhlükəli ərazilərin əlamətləri, şübhəli əşya aşkarlandıqda düzgün davranış qaydaları və aidiyyəti qurumların məlumatlandırılması barədə iştirakçılara ətraflı məlumat verilib.
Bütün iştirakçılara layihə çərçivəsində hazırlanmış buklet verilib.
Kəlbəcər şəhərində fəaliyyət göstərən göstərən məktəbin rəhbərliyi və müəllimləri bu tədbirin təşkil olunmasına görə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinə, layihənin donorlarına minnətdarlığını bildirdilər və belə maarifləndirmə tədbirlərinin davamlı olmasını xahiş ediblər.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin sədri Hafiz Səfixanov təşkil olunmuş tədbirə göstərdikləri diqqətə və köməyə görə Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonundakı xüsusi nümayəndəliyinin əməkdaşlarına, Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə və Kəlbəcər şəhərindəki məktəbin rəhbərliyinə və müəllim kollektivinə öz minnətdarlığını bildirib.
Bu layihənin yekun tədbiri olaraq mətbuat konfransı Bakı şəhərində həyata keçiriləcək.












