QHT.az xəbər verir ki, Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yaxın zamanlarda ABŞ-a planlaşdırılan səfərinin mühüm geosiyasi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, bu səfər təkcə diplomatik münasibətlərin genişlənməsi deyil, həm də bölgədə və dünyada dəyişən geosiyasi balanslar fonunda Azərbaycanın artan nüfuzunun bariz göstəricisidir.
Xatirə Vəliyeva qeyd edib ki, hazırda beynəlxalq münasibətlər sistemində yeni nizam formalaşır və Azərbaycan bu prosesdə izləyici yox, təşəbbüskar rolda çıxış edir. Onun fikrincə, Ermənistanla aparılan sülh danışıqlarında irəliləyiş, Zəngəzur dəhlizi ilə bağlı sərgilənən qətiyyətli mövqe və ən əsası – ölkəmizin suverenliyinin tam bərpası dünya ictimaiyyətinin diqqətindədir.
“Bu səfər çərçivəsində terrorizmlə mübarizə də əsas mövzulardan biri olacaq. Azərbaycan işğal dövründə və post-münaqişə mərhələsində ciddi təhlükələrlə üzləşib. Regionda erməni radikal dairələrinin sabitliyə təhdidləri və ölkəmizin bu təhdidlərə qarşı tutduğu qətiyyətli mövqe dünya birliyi tərəfindən daha dərindən dərk edilməlidir,” – deyə QHT sədri vurğulayıb.
Xatirə Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin ABŞ-a səfəri iqtisadi və siyasi əlaqələrin yeni mərhələyə keçidi baxımından da önəmlidir: “Enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya layihələri, Azərbaycanın tranzit ölkə kimi rolu və Cənubi Qafqazın strateji arteriyası statusu ABŞ və Qərb üçün xüsusi əhəmiyyət daşıyır.”
QHT sədri əlavə edib ki, bu səfər yalnız rəsmi protokol çərçivəsində qiymətləndirilməməlidir: “Bu, Azərbaycanın diplomatik düşüncə gücünün və strateji baxışının parlaq nümunəsidir. Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz beynəlxalq aləmdə daha güclü, daha prinsipial və daha etibarlı tərəfdaş kimi tanınır. Bu, milli maraqlarımızın, suverenliyimizin və gələcək sülh arzumuzun diplomatik meydandakı təntənəsidir.”
Pərvanə Fərhadqızı






