OpenAI peşəkar istifadəçilər üçün nəzərdə tutulan yeni süni intellekt agenti ChatGPT Work-u təqdim edib. Yeni xidmət sənədlər, təqdimatlar və veb-saytlar hazırlaya bilir, istifadəçilərin proqramlaşdırma biliyi olmadan kodlaşdırma imkanlarından yararlanmasına şərait yaradır.
QHT.az xarici mediaya istinadən bildirir ki, şirkətin açıqlamasına görə, ChatGPT Work məşhur ChatGPT çat-botu ilə Codex kodlaşdırma alətini birləşdirir və yeni təqdim olunan GPT-5.6 modeli ilə işləyir. OpenAI bildirir ki, bu model əvvəlki nəsillərlə müqayisədə daha sürətli fəaliyyət göstərir və daha aşağı xərc tələb edir.
Yeni məhsul bazarda birbaşa Anthropic şirkətinin bu ilin əvvəlində təqdim etdiyi Claude Cowork xidmətinə rəqib kimi qiymətləndirilir. Hər iki platforma proqramlaşdırma təcrübəsi olmayan istifadəçilərə mürəkkəb tapşırıqları süni intellekt vasitəsilə yerinə yetirməyə imkan verir.
OpenAI rəsmilərinin sözlərinə görə, GPT-5.6 modelinin müxtəlif ölçülü versiyaları təqdim olunub və ən kiçik versiya belə bəzi mürəkkəb tapşırıqları daha böyük modellərlə müqayisə oluna biləcək səviyyədə, lakin xeyli aşağı xərc hesabına yerinə yetirə bilir.
ChatGPT Work ilkin mərhələdə Pro, Enterprise və Edu istifadəçiləri üçün istifadəyə verilib. Şirkət yaxın günlərdə xidmətin Plus və Business abunəçiləri üçün də əlçatan olacağını açıqlayıb.
Bununla yanaşı, OpenAI yeni masaüstü ChatGPT tətbiqini və istifadəçilərə birbaşa platforma üzərindən veb-sayt yaratmağa və paylaşmağa imkan verən Hosted Websites funksiyasını da təqdim edib. Bu yeniliklər şirkətin korporativ süni intellekt bazarında rəqabətini gücləndirməyi hədəfləyir.






