Böyük Britaniyanın beynəlxalq mədəniyyət əlaqələri və təhsil imkanlarını təşviq edən rəsmi təşkilat (British Council) bir sıra ölkələrdəki ofislərini bağlayacaq.
QHT.az xarici mediaya istinadən bildirir ki, Böyük Britaniyanın beynəlxalq təhsil və mədəniyyət təşkilatı olan British Council maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə doqquz ölkədəki ofislərini bağlamağı planlaşdırır.
Təşkilatın açıqladığı məlumata görə, bağlanacaq ölkələr sırasında Mozambik, Tanzaniya, Botsvana, Peru, Çili, Trinidad və Tobaqo, eləcə də Xorvatiya yer alır. Daha iki ölkənin adı isə kommersiya səbəblərinə görə açıqlanmayıb.
Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Nazirliyi (FCDO) bildirib ki, bu qərar ölkələrin əhəmiyyətinə görə deyil, ən çox maliyyə qənaəti əldə ediləcək yerlər nəzərə alınaraq verilib.
Qeyd edək ki, British Council 2024–2025-ci maliyyə ilində Böyük Britaniyanın xaricdə həyata keçirdiyi inkişaf layihələri üçün 126,5 milyon funt sterlinq dövlət qrantı alıb. Buna baxmayaraq, təşkilat maliyyə çətinlikləri səbəbindən xərclərini azaltmaq üçün xaricdəki fəaliyyətini məhdudlaşdırır.






