Cənubi Koreyanın yarımkeçirici istehsalçısı SK Hynix ABŞ bazarında həyata keçirdiyi Amerika Depozitar Qəbzləri (ADR) yerləşdirməsi nəticəsində 26,5 milyard dollar vəsait cəlb edib. Şirkət ADR-ləri hər biri 149 dollar qiymətində satıb. Bu, süni intellekt texnologiyalarına artan maraq fonunda investorların şirkətə yüksək etimad göstərdiyini nümayiş etdirir.

QHT.az xarici mediaya istinadən bildirir ki, SK Hynix süni intellekt sistemlərində istifadə olunan yüksək ötürmə qabiliyyətli yaddaş (HBM) çiplərinin əsas istehsalçılarından biridir və əldə olunan vəsaiti yeni zavodların tikintisinə, eləcə də istehsal avadanlıqlarının genişləndirilməsinə yönəldəcək. Məlumata görə, şirkətin ABŞ-də yerləşdirdiyi səhmlərə tələb təklif edilən həcmdən yeddi dəfədən çox olub.

ADR-lər iyulun 10-dan etibarən Nasdaq birjasında “SKHY” simvolu ilə ticarətə çıxarılacaq. Şirkət hesab edir ki, ABŞ bazarında listinq onun bazar dəyərinin ABŞ-nin rəqibi Micron şirkəti ilə müqayisədə daha ədalətli qiymətləndirilməsinə kömək edəcək. Bununla belə, SK Hynix-in əsas listinqi Seul birjasında qalacaq.

Şirkət son illərdə süni intellekt üçün tələb olunan yaddaş çiplərinə vaxtında yatırım etməsi sayəsində bazarda lider mövqeyə yüksəlib. Nvidia rəhbəri Jensen Huang da yaxın zamanda SK Hynix-in şirkətin ən böyük yaddaş çipi tərəfdaşı olaraq qalacağını və HBM çiplərinə yüksək tələbatın bir neçə il davam edəcəyini bildirib.

Son həftələrdə qlobal yarımkeçirici səhmlərində müəyyən eniş müşahidə olunsa da, SK Hynix-in səhmləri son 12 ay ərzində təxminən 680 faiz bahalaşıb. Analitiklər bildirirlər ki, süni intellekt məlumat mərkəzlərinə artan tələbat şirkətin gəlirlərini və bazardakı mövqeyini gücləndirməyə davam edir.