İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına görə, 2026-cı ildə rəsmi inkişaf yardımları (ODA) azalmaqda davam edəcək və ən böyük ixtisar səhiyyə sektorunda olacaq.
QHT.az xarici mediaya istinadən bildirir ki, hesabata əsasən, səhiyyə sahəsinə ayrılan ODA vəsaitləri 2024–2026-cı illər arasında 29%-46% azalacaq. Bu, təxminən 5-8 milyard ABŞ dolları həcmində vəsait itkisi deməkdir.
OECD bildirir ki, qlobal ODA həcmi 2026-cı ildə daha 6,9% azalaraq 152 milyard dollara düşəcək. Bu, ardıcıl üçüncü illik azalma olacaq.
Məlumata görə, DAC-a üzv 16 ölkə 2026-cı ildə ümumilikdə 12 milyard dollar yardım ixtisarına gedəcək. Bu məbləğin 9,3 milyard dolları G7 ölkələrinin payına düşür.
Ekspertlər xəbərdarlıq edirlər ki, maliyyələşmənin azalması xüsusilə inkişaf etməkdə olan ölkələrdə səhiyyə xidmətlərinə və xəstəliklərlə mübarizə proqramlarına mənfi təsir göstərə bilər.






