ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi nəticəsində 160-dan çox təhsil proqramı dayandırılıb. ABŞ-nin UNESCO-ya dəstəyini dayandırmaq qərarı da təhsil sektorunda qeyri-müəyyənliyi artırıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, dünyada hazırda 273 milyon uşaq və gənc təhsildən kənarda qalır. Qlobal Təhsil Monitorinqi hesabatına görə, ölkələrin yalnız 22 faizi təhsilə dövlət xərcləri üzrə beynəlxalq meyarlara uyğun maliyyə ayırır.
Buna baxmayaraq, təhsil sahəsində iş imkanları tamamilə aradan qalxmayıb. Məlumata əsasən, 2025-ci ildə platformada təhsillə bağlı 2 690 vakansiya yerləşdirilib. Bu, 2024-cü illə müqayisədə cəmi 0,74 faiz azalma deməkdir.
Mütəxəssislərə ən çox təhsil siyasəti, proqramların idarə olunması, monitorinq və qiymətləndirmə, müəllim hazırlığı və rəqəmsal təhsil sahələrində ehtiyac duyulur. Ekspertlər hesab edirlər ki, maliyyə çətinliklərinə baxmayaraq, təhsil qlobal inkişaf gündəliyinin əsas istiqamətlərindən biri olaraq qalacaq.






