Cənubi Koreyanın aparıcı texnologiya şirkətlərinin səhmləri Nvidia şirkətinin baş icraçı direktoru Jensen Huangın ölkəyə gözlənilən səfəri ərəfəsində kəskin bahalaşıb.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Huang bu həftə ərzində LG Group-un sədri Koo Kwang-mo və digər koreyalı rəhbərlərlə görüşəcək. Bu görüşlər süni intellekt və robototexnika sahələrində yeni əməkdaşlıqların mümkünlüyünə dair gözləntiləri artırıb.
Bazar ertəsi ticarət sessiyasında Samsung Electronics-un səhmləri 9,5 faiz, LG Electronics-un səhmləri isə 28 faiz yüksəlib.
Bununla yanaşı, Cənubi Koreyanın yarımkeçirici ixracının süni intellekt texnologiyalarına artan tələbat fonunda rekord həddə çatması da Samsung-un səhmlərinə əlavə dəstək verib.
Qeyd edək ki, Samsung mayın 30-da yeni nəsil yüksək ötürmə qabiliyyətli yaddaş (HBM) çiplərinin nümunələrinin müştərilərə göndərilməsinə başladığını açıqlayıb. Bu məhsullar süni intellekt məlumat mərkəzlərində istifadə olunan əsas komponentlərdən hesab edilir.
Analitiklərin fikrincə, Nvidia ilə Koreya texnologiya şirkətləri arasında əməkdaşlığın genişlənməsi həm süni intellekt sənayesinin inkişafına, həm də yerli şirkətlərin bazar dəyərinin artmasına müsbət təsir göstərə bilər.






