Azərbaycanda ictimai nəqliyyatda vahid ödəniş sisteminə keçid uzun müddətdir müzakirə olunan məsələlərdən biridir. Mütəxəssislərin fikrincə, bu sistemin tətbiqi sərnişinlər üçün daha rahat və sərfəli imkanlar yaradacaq.

Nəqliyyat eksperti Yasin Mustafayev QHT.az- a açıqlamasında bildirib ki, hazırda ictimai nəqliyyatın böyük hissəsində bank kartları və BakıKart vasitəsilə ödəniş etmək mümkündür. Onun sözlərinə görə, bu müsbət hal olsa da, bütün nəqliyyat növlərinin vahid ödəniş sistemində birləşdirilməsi daha vacibdir.

“Xarici təcrübəyə baxdıqda görürük ki, bir çox ölkə və şəhərlərdə vahid ödəniş sistemi tətbiq olunur. Bunun üstünlüyü ondan ibarətdir ki, sərnişin metrodan istifadə etdikdən sonra avtobusa, daha sonra digər nəqliyyat vasitələrinə keçid edərkən bütün ödənişlər eyni sistem üzərindən həyata keçirilir. Bu zaman günlük, həftəlik və aylıq kartlar, eləcə də müxtəlif endirim mexanizmləri tətbiq etmək mümkün olur”, – deyə ekspert qeyd edib.

Y.Mustafayev vurğulayıb ki, vahid sistem sayəsində limitsiz istifadə imkanları təqdim edən kartların tətbiqi də mümkün olacaq. Onun sözlərinə görə, hazırda ödəniş sistemlərinin müxtəlif qurumlar tərəfindən idarə olunması bu cür imkanların yaradılmasını çətinləşdirir.

Ekspert əlavə edib ki, vahid ödəniş sisteminin yaradılması istiqamətində işlər davam etdirilir və yaxın zamanda bununla bağlı yeniliklərin olması gözlənilir.

Zəhra Ağayeva