Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində QHT-lərin rolu, mövcud çağırışlar və yeni qanunvericilik təşəbbüsləri müzakirə olunub. “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Zaur Quliyev bu sahədə görülən işlər və mövcud problemlərlə bağlı fikirlərini bölüşüb.
“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Zaur Quliyev QHT.az- a açıqlamasında QHT-lərin uşaq hüquqlarının müdafiəsində mühüm rol oynadığını bildirib.
Onun sözlərinə görə, qeyri-hökumət təşkilatları uşaqların hüquqlarının qorunması, zərərli təsirlərdən mühafizəsi və risk qrupunda olan uşaqlarla bağlı maarifləndirmə və dəstək işləri həyata keçirir, həmçinin bu halları aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırır.
Zaur Quliyev qeyd edib ki, QHT-lər dövlət qurumları ilə əməkdaşlıq edərək uşaqların maraqlarının qorunmasına töhfə verir, lakin sahədə maliyyə məhdudluğu, mütəxəssis çatışmazlığı və regionlarda xidmətlərin tam əhatə olunmaması kimi çətinliklər qalmaqdadır.
O, həmçinin 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində son illər mühüm irəliləyişlər olduğunu vurğulayıb. Onun sözlərinə görə, qanunvericilik bazası təkmilləşdirilib, yeni “Uşaq hüquqları haqqında” Qanun isə uşağın üstün mənafeyini əsas prinsip kimi daha aydın şəkildə müəyyən edir.
QHT sədri əlavə edib ki, qanunun effektivliyi onun praktiki icrasından və dövlət, QHT-lər, təhsil müəssisələri və medianın birgə fəaliyyətindən asılı olacaq. O, həmçinin həssas qruplardan olan uşaqların sosial xidmətlərə çıxışı, ailədaxili zorakılığın qarşısının alınması və inklüziv təhsilin genişləndirilməsi kimi məsələlərin hələ də həllini gözlədiyini bildirib.
“Uşaqların təhlükəsiz, sağlam və bərabər imkanlar şəraitində böyüməsi hər birimizin ortaq məsuliyyətidir,” – deyə Zaur Quliyev vurğulayıb.
Zəhra Ağayeva






