ABŞ Dövlət Departamenti, Ebola virusuna qarşı mübarizə çərçivəsində Keniyaya 13.5 milyon dollar maliyyə dəstəyi ayırdığını açıqlayıb. Bu addım, virusun yayılmasının qarşısını almaq və ölkənin hazırlıq səviyyəsini gücləndirmək məqsədi daşıyır.
QHT.az xarici mediaya istinadən bildirir ki, ABŞ hökumətinin Ebola ilə bağlı planları həm Keniyada, həm də ABŞ daxilində ciddi tənqidlərə səbəb olub. Məlumata görə, virusla yoluxmuş və ya virusa məruz qalmış ABŞ vətəndaşlarının öz ölkələrinə qaytarılmaq əvəzinə Keniyaya göndərilməsi planlaşdırılır. Bu isə Keniyada xüsusi karantin və müalicə mərkəzində həyata keçiriləcək.
Məlumata əsasən, Keniyada 50 çarpayılıq xüsusi izolyasiya mərkəzinin açılması planlaşdırılırdı. Bu mərkəzdə amerikalı tibb işçilərinin çalışması nəzərdə tutulurdu. Lakin Keniyada bu planlara qarşı etirazlar yüksəlib və məhkəmə bu layihəni müvəqqəti olaraq dayandırıb.
Keniyadakı Katiba İnstitutu adlı təşkilat məhkəməyə müraciət edərək bu planın Konstitusiyaya uyğun olmadığını bildirib. Təşkilat həmçinin bu addımın ictimai sağlamlıq üçün risk yarada biləcəyini və virusun yayılma ehtimalını artıracağını vurğulayıb. İşə baxılması davam edir.






