1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqların hüquqlarının qorunması, onların təhlükəsiz və sağlam mühitdə böyüməsinin təmin edilməsi məsələləri yenidən gündəmə gətirilib. Bu gün təkcə bayram deyil, həm də uşaqların rifahı, müdafiəsi və gələcək nəsillərin sağlam formalaşması üçün məsuliyyətin xatırladıldığı mühüm tarix kimi qiymətləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı QHT.az- a açıqlama verib.

O bildirib ki, uşaqların hüquqlarının qorunması yalnız bir günlə məhdudlaşmamalı, ilboyu davam etməlidir və uşaqların hüquqlarının müdafiəsi gələcəyin sağlam vətəndaşlarının formalaşmasının əsas təminatıdır.

Onun sözlərinə görə, müasir dövrdə uşaqlar sosial, psixoloji və texnoloji çağırışlarla daha çox üzləşir və bu, onların müdafiəsini daha aktual edir.

“Xüsusilə internet resurslarının geniş əlçatanlığı uşaqlar üçün ciddi risklər yaradır.Uşaqların müdafiəsi yalnız təhsil müəssisələrinin deyil, ailənin və cəmiyyətin birgə məsuliyyətidir və bu istiqamətdə məktəb–ailə–cəmiyyət əməkdaşlığı vacibdir. Əsas məsuliyyət valideynlərin üzərinə düşür, çünki uşaq ilk təhlükəsiz mühiti ailədə qazanır".

Zülfiyyə Nuriyeva: "Dünyada bir çox regionlarda uşaqlar müharibə, yoxsulluq və sosial bərabərsizlik səbəbindən əsas hüquqlarından məhrum qalır və bu, məsələnin qlobal xarakter daşıdığını göstərir. Azərbaycanda isə uşaqların sosial müdafiəsi, xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və himayədar ailə modelləri müsbət nümunələrdəndir. Maarifləndirmə işləri, uşaq qaynar xətləri və sığınacaqlar uşaqların təhlükəsizliyində vacib mexanizmlərdir".

“Uşaqların sevgi, diqqət və təhlükəsiz mühitdə böyüməsi cəmiyyətin əsas prioriteti olmalıdır,”- deyə Zülfiyyə Nuriyeva qeyd edib.

Zəhra Ağayeva