QHT.az xəbər verir ki, Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova APA-ya açıqlamasında deyib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının davamı deyil:
“Şura ləğv olunub, Agentlik isə yeni yaranıb. Agentliyin də ancaq Müşahidə Şurası təsdiqlənmişdi. Qurum ləğv olunanda avtomatik onun işçiləri də işdən çıxarılır və Katiblik olmur. Yeni qurum formalaşanda bütün struktur yeniləşir, həm də onun hesabı yeni olur. Yəni yeni bir qurum üçün tələb olunan qaydalar buna şamil olunur.
Agentliyin ştat cədvəlinin təsdiqi sentyabr ayına qədər çəkdi. İşçi ştat heyəti 40 nəfərdən 20 nəfərə salındı. İşə götürmə prosesi, fərmandan da irəli gələrək Şuranın köhnə işçilərinin işə bərpası məsələsi və s. zaman alan prosesdir.
Digər tərəfdən, meyarlarla bağlı sənədlər də hələ Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib. Bunların hamısı təsdiqləndikdən sonra Agentliyin əsas fəaliyyət istiqamətlərindən biri qrant müsabiqəsi elan etməkdir. Bu proseslər hamısı başa çatandan sonra qrant müsabiqəsi elan edəcəyik. Biz də istəyirik ki, bu ilin büdcəsi geri qayıtmasın.
QHT-lər bir ilə yaxındır ki, dövlət dəstəyindən çox az faydalanır. Agentlik olaraq biz də maraqlıyıq ki, qrant müsabiqəsi elan edək və QHT-lər öz istiqamətlərinə uyğun fəaliyyət göstərsin. Burada Agentliyin hədəf göstərilməsi doğru deyil. Biz tələb olunan sənədləri vaxtından tez hazırlayaraq təqdim etmişik. Mənim özümə də təəccüblü oldu ki, nə üçün Maliyyə Nazirliyi tərəfindən hədəf olaraq Agentlik göstərilib”.
Qeyd edək ki, Maliyyə naziri Samir Şərifov APA-ya açıqlamasında bu il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lərin layihələrinin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elan etməsinin gecikməsi və problemin səbəbinin Maliyyə Nazirliyi və Nazirlər Kabinetindən qaynaqlanması ilə bağlı iddialara münasibət bildirib. Maliyyə naziri deyib ki, problemin Maliyyə Nazirliyi və Nazirlər Kabinetindən qaynaqlanması barədə deyilənlər əsassızdır: “Maliyyə Nazirliyi və Nazirlər Kabinetinin nə marağı var? Sadəcə, Agentlik yeni yaradıldığına görə müvafiq idarəetmə strukturlarının formalaşmasında müəyyən ləngimələr var. Proses başa çatan kimi bu işlər də görüləcək. Bildiyim qədər, Agentlikdə qrantların ayrılmasına Agentliyin Müşahidə Şurası tərəfindən baxılır. Həmin Şuranın tərkibi dəyişib, ləngimələr də bununla bağlıdır. Yəni problem onlarla bağlıdır. Vəsait var, bu vəsait də həmin quruma ayrılıb, buyursunlar, müvafiq qərar verib, vəsaitlərindən istifadə etsinlər”.












