QHT sektorunun çətinlikləri və həlli yolları barədə düşüncələr 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də diqqət mərkəzində olan məsələlər içərisində ictimaiyyətin özünün fəallığı, ictimai nəzarət üzrə səmərəli addımların atılması üçün təşəbbüslər özünəməxsus yer tutur. 

 

Fikrimizcə İctimai Nəzarət həm də vətəndaş cəmiyyətinin inkişafı deməkdir. Vətəndaş cəmiyyəti qurumları öz işlərini səmərəli və davamlılıq üzərində planlaşdırıb icra edə bilsələr irəliyə doğru bir xeyli addım atılmış olar. 

İrəli dedikdə söhbət həm cəmiyyət, həm də dövlətin iarəetmə mexanizmlərini nəzərdə tuturuq. İrəli atılan addımın “təmas”a çevrilməsi isə tək Vətəndaş cəmiyyəti QHT-sindən asılı deyil. Qarşı tərəf də addımlar atmaqda maraqlı və səriştəli olmalıdır. 

Baxın, Vətəndaş cəmiyyətinin atdığı addımlar sayəsində müxtəlif ictimai şuralar yaradılır. Amma, cəmiyyətdə sorğu keçirsək bu şuraların səmərəliliyi, faydalılığı, ümumiyyətlə mövcudluğu barədə mənsub olduqları icma üzvləri məlumatlıdırlarmı? 

Təxmin etdiyim mənfi cavabın səbəblərindən başlıcası qarşı tərəfin də real addımlar atmamasından baş tutmayan “təmas”dır. Əlbəttə tənqid etmək asandır, destruksiya, dağıtmaq, yox etmək insanın instinktiv xislətinin təməl elementlərindəndir. Konstruktiv tənqid isə insanın sosiallaşma səviyyəsini və niyyətini ifadə edir. Qarşı tərəfdəki dövlət strukturlarının konstruktivlik üçün ata biləcəyi addımlar sırasına tərkiblərindəki “İctimaiyyət ilə əlaqələr departamentlərinin” işlərinin təkmilləşdirilməsini təklif edirik. 

 

Açıq danışsaq ictimai şuraları nəzdində olduqları dövlət qurumları ya saymırlar ya da uzağı özlərinin “İctimaiyyət ilə əlaqələr” şöbəsinin bir hissəsi kimi görürlər. Həmin şöbələr isə səmərəli təmas qura bilirlərmi? Məncə yox. Çünki onların əksəriyyəti mediadan həmin qurumlara keçirilmiş jurnalistlərdirlər. Aralarında şəxsən tanıdığım, hörmətlə yanaşdığım, işbirliyi təcrübəmiz olan savadlı insanlar inciməsinlər, amma siz jurnalistsiniz, “public relations and markentig” üzrə ali təhsil almamısınız, siz “xəbər” ilə “xəbərçilik” (media termini) kontesktində iş görmək üzrə təhsil almısınız. PR və Marketinq oxşar olsa da fərqli sahədir, orada xəbərin, informasiyanın emalı başqa cürə aparılır. 

 

İndi isə QHT-lərin real problemlərinin şəxsi prizmamdan görünən səbəbləri və çıxış yollarına keçirəm. 

Burda ilk yerdə sosial şəbəkələrdə əksər həmkarlarımın səsləndirdiyi ofis məsələsini qabartmayacam. Əlbəttə hər bir QHT-nin işləmək üçün standartarlara cavab verən, zalı, bir neçə otağı olan ofisi olmalıdır. Amma bu ofisi QHT dövlətdən, hökumətdən almamalıdır. Heç olmasa fəlsəfəmizi müəyyən edən adımızdakı “Qeyri-hökumət” sözünə diqqət yetirin. 

Konstruktiv həll QHT-lərin uzunmüddətli qrant layihələrinin icrası prosesində (1-2 illik) ofisə malik olmasıdır. 

 

Uzunmüddətliləri kənara qoysaq görəsən, qısamüddətli qrant layihələri üzrə işlər səlis aparılırmı? Destruktiv tənqidçi hissəm dərhal yox cavabını versə də, içimdəki konstruktiv tənqidçi hər kəsi maliyyələşmə düsturunun yanlışlığına və aralıq hesabatların olmamasına diqqət yetirməyə çağırır. 

 

Bəli, milli donorların 70 faizin 30 faizə nisbətində maliyyələşmə aparması amma 100 faizlik işin təsviri və maliyyə hesabatını tələb etməsi absurddur, yanlışdır, doğru deyil. İllər öncə ortaya atılmış bu düstur QHT-ləri layihəyə başlamadan şəffaflığı pozmağa kökləyir. Axı QHT gəlir gətirən kommersiya qurumu deyil ki, 30 faiz maliyyə ortaya qoysun? QHT-nin töhfəsi cari problemin səsləndirilməsi, ideyasını layihəyə çevrirərək təqdim etməsi və uzağı konüllülərdən ibarət heyəti ilə layihəsinin icraçılarını səfərbər etməsindən artıq nə ola bilər ki? 

 

Konstruktiv hissəm həmçinin öz intuisiyasına istinad edərək yeni yaradılmış QHT Agentliyinin mövcud yanlış düsturu dəyişdirəcəyinə inanır. 

Destruktiv tənqidçim ümumiləşdirmə edərək QHT-lərin qısamüddətli layihələrinin mənasız olduğunu, onların fəaliyyətlərində davamlı komponentlər formalaşdırmadığını iddia edir. Gəlin ölkədəki mindən artıq QHT-lərin işlərini təftiş edək. Görəsən onlardan neçəsi dövlətin büdcəsindən aldığı qrant layihəsini bitirdikdən sonra özü onu davam etdirir? Doğurdanmı QHT-lər qrantdan qranta işləməlidirlər?

İçimdəki ali konstruktiv hissə “əlbəttə xeyr” deyərək öz təkliflərini də səsləndirir: “Əzizim, səni gözəl başa düşürəm. İdeyan çoxdur, həll etmək istədiyin problemlər ondan da çoxdur, layihələrin də var, öz resursunu da formalaşdırmaq, gücləndirmək istəyirsən. “Möhür-qovluq təşkilatı” adını bəyənmirsən, “qrantdan qranta işləyən” kimi müraciət edilməsindən zəhlən gedir, amma öz üzərində işləyirsənmi? Hansı üzvün fandreyzinq üzrə təlim alıb və ya özün bu sözü eşitmisənmi? Kiçik də olsa öz gücünlə davamlı tədbirlər, görüşlər, aksiyalar (iməclik, oxu klubu, dərnəklər və s) etmisənmi? Əzizim, bunlar səndən asılı olanlardır. Səndən asılı olmayanların isə olması üçün ölkənin qanunvericilik aparatında oturanlar iki qanunu hazırlayıb qəbul etməlidirlər: “Xeyriyyəçilik haqqında qanun” və “Korporativ Sosial Məsuliyyət haqqında qanun”. Bəlkə bu qanunların hazırlanması barədə daha təşəbbüskar olmaq barədə düşünəsən, əzizim” 

 

Kamil Həmidov 

“Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin sədri