Bakı İnsan Hüquqları Məktəbi avqustun 1-dən oktyabrın 30-na kimi “Məktəblilər arasında “Zəfər tarixi-2” Esse Olimpiadası”nı təşkil edəcək.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant müsabiqəsinin qalibi olan bu layihədə istənilən ümumtəhsil müəssisəsinin 7, 8, 9, 10 və 11 sinif şagirdləri iştirak edəcəklər. Olimpiadaya 12 vərəqlik dəftərdə "Zəfər tarixinə" həsr olunmuş, həcmi minimum 3 vərəqdən maksimum 6 vərəqədək (6 və 12 səhifə) ibarət olan Esselər təqdim olunmalıdır.

Essenin məzmunu 44 günlük II Qarabağ savaşını və Qarabağda aparılan quruculuq işlərini əhatə etməlidir. Bu parametrlərə uyğun olan mövzuların seçimi sərbəstdir. Plagiat (köçürmə) xarakterli Esselər müsabiqəyə buraxılmır, hər şagirdin öz zehni məhsulu qəbul olunur. Esselərin son təqdimetmə tarixi 01.09.2023-cü il saat 18.00-dır.

Qeyd edək ki, Münsiflər Heyəti tərəfindən gizli səsvermə nəticəsində 10 finalçı müəyyən olunacaq. Finalçılara qiymətli hədiyyələr və I, II, III dərəcəli Diplomlar təqdim olunacaq. Bütün iştirakçılara rəsmi imzalı və möhürlü Sertifikatlar təqdim olunacaq. Finalçılar Qazilərin, Şəhid ailələrinin, tanınmış ziyalıların, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və qeyri-hökumət təşkilatları nümayəndələri ilə görüşəcəklər.

Allah Şəhidlərimizə rəhmət eləsin, ruhları qarşında baş əyirik!

 

Pərvanə Fərhadqızı