Neftçala, 16 avqust 2026 — Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA İB) tərəfindən həyata keçirilən “Yaşıl maliyyə və iqlim risklərinin idarə olunması” peşəkar inkişaf proqramı çərçivəsində növbəti təlim modulu keçirilib.

QHT.az xəbər verir ki, proqramın növbəti modulunda “Kənd təsərrüfatında iqlim risklərinin identifikasiyası və aqro-ekosistem xəritələnməsi” mövzusu ətrafında iştirakçılara nəzəri və praktiki məlumatlar təqdim olunub.

Təlimi Kənd Təsərrüfatı Nazirliyinin CİS və Layihələrin İdarə Olunması Mərkəzinin bölmə müdiri, data elmi və məkan məlumatlarının təhlili sahəsində 12 ildən artıq peşəkar təcrübəyə malik ekspert Samir Vəlizadə həyata keçirib.

Təlim zamanı iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirləri, aqrar sektorda iqlim risklərinin identifikasiyası və qiymətləndirilməsi, risklərin müasir texnologiyalar vasitəsilə xəritələnməsi, eləcə də Coğrafi İnformasiya Sistemləri (CİS) və ArcGIS, QGIS kimi alətlərdən istifadə etməklə məkan analizlərinin aparılması məsələləri ətraflı nəzərdən keçirilib.

Modul çərçivəsində iştirakçılar iqlim risklərinin yalnız müəyyənləşdirilməsi deyil, həm də onların məkan üzrə vizuallaşdırılması və aqro-ekosistemlərə təsirinin daha dəqiq qiymətləndirilməsi imkanları ilə tanış olublar. Praktiki yanaşmalar kənd təsərrüfatında qərar qəbuletmə proseslərinin daha məlumat əsaslı və dayanıqlı şəkildə qurulmasına töhfə verən alətlərin mənimsənilməsinə yönəlib.

“Yaşıl maliyyə və iqlim risklərinin idarə olunması” peşəkar inkişaf proqramı iqlim dəyişikliklərinin yaratdığı risklərin düzgün müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması, həmçinin yaşıl maliyyə və dayanıqlı inkişaf üzrə bilik və bacarıqların artırılmasına xidmət edir.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və BP Azərbaycanın maliyyə yardımı ilə ARPA İB tərəfindən həyata keçirilir.

Proqram çərçivəsində qarşıdakı mərhələlərdə iştirakçıların iqlim riskləri, ESG prinsipləri, yaşıl maliyyə alətləri və praktiki dayanıqlılıq modelləri üzrə biliklərinin daha da inkişaf etdirilməsi nəzərdə tutulur.