Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu (EaP CSF) “EaP Vətəndaş Cəmiyyəti Mükafatı 2026” üçün namizədlik prosesini elan edib.
QHT.az xəbər verir ki, 2018-ci ildən təqdim olunan mükafat Şərq Tərəfdaşlığı regionunda demokratik dəyərlərin müdafiəsi, islahatların təşviqi, ölkələrin siyasi, iqtisadi və sosial inkişafına töhfə verilməsi, eləcə də həssas vəziyyətdə olan insan və icmaların dəstəklənməsi istiqamətində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının əməyini qiymətləndirmək məqsədi daşıyır.
Mükafat xüsusilə mürəkkəb, əlverişsiz və bəzi hallarda repressiv şəraitdə fəaliyyətlərini davam etdirərək demokratiyanın, fundamental hüquq və azadlıqların, ədalətin və insan ləyaqətinin müdafiəsinə töhfə verən təşkilatların cəsarətini və əzmkarlığını önə çıxarır.
Kimlər mükafata namizəd ola bilər?
EaP Vətəndaş Cəmiyyəti Mükafatına namizəd göstərilən təşkilat aşağıdakı meyarlara cavab verməlidir:
- Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun (EaP CSF) üzv təşkilatı olmalıdır;
- Siyasi tərəf tutmayan, bitərəf təşkilat olmalıdır;
- Namizədlik üçün əsas olan fəaliyyəti 2025-ci ilin noyabrından 2026-cı ilin noyabrınadək olan dövrdə həyata keçirilməlidir.
Qeyd olunur ki, təşkilatlar özlərini mükafata namizəd göstərə bilməzlər. Namizədlik başqa EaP CSF üzvləri tərəfindən irəli sürülməlidir.
Seçim prosesi necə aparılacaq?
İlk mərhələdə namizədlik çağırışı EaP CSF üzvləri arasında paylaşılır. Daha sonra Forumun Katibliyi daxil olan müraciətləri yoxlayır və uyğun namizədləri Rəhbər Komitəyə təqdim edir.
Son mərhələdə isə EaP CSF-in Rəhbər Komitəsi səsvermə yolu ilə qalibi müəyyənləşdirir.
EaP Vətəndaş Cəmiyyəti Mükafatı Şərq Tərəfdaşlığı ölkələrində demokratiyanın, azadlığın, ədalətin və insan ləyaqətinin qorunması və gücləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının tanıdılmasına və fəaliyyətlərinin təşviqinə xidmət edir.












