Sosial Strateji Tədqiqatlar və Analitik Arașdırmalar Ictimai Birliyinin rəhbəri İlqar Hüseynli QHT.az-a açıqlamasında Rusiya–Ermənistan arasında Azərbaycan ərazisindən həyata keçirilən taxıl tranzitinin iqtisadi və siyasi əhəmiyyətindən danışıb.

Onun sözlərinə görə, prosesin ən böyük siyasi-iqtisadi üstünlüklərindən biri Azərbaycanın öz ərazisindən keçən nəqliyyat axınlarını siyasi qarşıdurmadan iqtisadi qarşılıqlı asılılığa çevirə bilməsidir.

“Rusiya Ermənistana taxıl göndərmək üçün Azərbaycan marşrutuna ehtiyac duyursa, Ermənistan şimaldan gələn məhsulların daşınmasında Azərbaycan infrastrukturundan istifadə edirsə, Azərbaycan isə bundan tranzit və logistika gəlirləri əldə edirsə, üç tərəf arasında praktiki iqtisadi maraq formalaşır”, – deyə iqtisadçı bildirib.

İ.Hüseynli qeyd edib ki, bu, avtomatik olaraq siyasi problemlərin həlli demək deyil. Lakin iqtisadi əlaqələrin genişlənməsi sülh və regional inteqrasiya üçün maddi stimul yarada bilər.

Ekspertin sözlərinə görə, Azərbaycanın Şimal–Cənub dəhlizindəki mövqeyi də getdikcə güclənir. O bildirib ki, Azərbaycan ərazisində dəhlizin dəmir yolu seqmenti artıq fəaliyyət göstərir və uzunmüddətli hədəflərdən biri yük həcminin əhəmiyyətli dərəcədə artırılmasıdır.

“Rusiya–Ermənistan taxıl tranziti özü böyük iqtisadi layihə deyil. Onun əhəmiyyəti daha çox presedent yaratmasındadır. Əgər bu cür daşımalar sabitləşir və taxıldan başqa yük kateqoriyalarına, daha sonra isə daha geniş regional ticarətə çevrilirsə, Azərbaycan Cənubi Qafqazda sadəcə coğrafi tranzit ərazisi deyil, Rusiya, Türkiyə, İran, Mərkəzi Asiya və Avropa arasında logistika və ticarət qovşağı rolunu daha da möhkəmləndirə bilər”, – deyə İ.Hüseynli vurğulayıb.

İqtisadçı əlavə edib ki, 2026-cı ildə tranzit həcmlərində qeydə alınan artım bu istiqamətin artıq praktiki nəticələr verdiyini göstərir.

Onun fikrincə, Rusiyanın regiondakı təsiri bundan sonra daha çox “kimə nəzarət edir?” sualından “kim hansı marşruta, bazara və infrastruktura çıxış təmin edə bilir?” sualına çevriləcək.

“Bu dəyişiklik Azərbaycanın strateji çəkisini artıran əsas amillərdən biridir”, – deyə İlqar Hüseynli qeyd edib.