COJEP Avroasia, Network Təşkilatı tərəfindən QHT-lər arasında elan edilən müsabiqənin qalibləri bəlli olub. QHT-lər öz fəaliyyətlərinə və iş təcrübələrinə uyğun olaraq 5 istiqamət üzrə müsabiqəyə qoşulmuşlar. “İş adamları və sahibkarlıq fəaliyyəti üzrə” müsabiqənin qalibi “Qarabağın işğaldan azad olunmuş ərazisində müasir südlük heyvandarlıq kompleksinin yaradılması” üzrə investisiya layihəsi ilə “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İctimai Birliyi olmuşdur.

İctimai Birliyin təqdim etdiyi layihənin əsas məqsədi işğaldan azad olunmuş əraziyə qayıdan əhalinin məşğulluq probleminin həllinə və onların sosial rifahının yaxşılaşdırılmasına tövhələr vermək, yüksək keyfiyyətli heyvandarlıq məhsulları istehsal etməklə ölkənin ərzaq təhlkəsizliyinin qorunmasında iştirak etməkdir. Layihə dövlətin dəstəyi və xarici investisiya vəsaiti hesabına həyata keçiriləcəkdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev azad olunmuş ərazilərdə səfərdə olarkən iş adamlarına müraciətində “Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik” deyərək müraciət etmişdir.

Dövlət başçısının bu mövqeyi və yaradılan çoxsaylı güzəştlər, müvafiq infrastrukturun mövcudluğu nəzərdə tutulan layihənin uğurla həyata keçirilməsinə geniş imkanlar yaradır.

Layihə çərçivəsində Türkiyənin güclü iş adamları dərnəyi MÜSİAD K.OSGEB, Kənd Təsərrüfatı və TOBB kimi təşkilatların nümayəndələri ilə görüşlər keçiriləcək, faydalı əlaqələr qurulacaq və geniş miqyaslı iş birliyi həyata keçiriləcəkdir.

 “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İctimai Birliyi layihənin ədalətli seçiminə görə COJEP Avroasia, Network Təşkilatına dərin minnətdarlığını ifadə edir, əmin olduğumuzu bildiririk ki, qarşılıqlı əməkdaşlığımız səmərili nəticələrə gətirib çıxaracaqdır.