Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş ikinci qrant müsabiqəsinin nəticələri açıqlanıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş 200 layihədən 13-nün maliyyələşdirilməsi barədə qərar qəbul olunub.
Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının fevralın 24-də keçirilmiş iclasında qeyd edilib ki, müsabiqəyə 194-ü KOB subyekti və 6-sı qeyri-sahibkarlıq subyekti olmaqla ümumilikdə 200 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 93-ü hüquqi, 101-i fiziki şəxslərə, o cümlədən 186-sı mikro, 5-i kiçik, 3-ü orta sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 131-i dəstək, 7-si tədqiqat, 62-si isə digər sahələr üzrə layihələrdir.
Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 2-ci qrant müsabiqəsinə sənəd qəbulu 15 noyabr - 14 dekabr 2021-ci il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 16 dekabr 2021-ci il - 10 fevral 2022-ci tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb. Qalib layihələrin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti ayrılacaqdır.
II Qrant müsabiqəsinin qalibləri
| II Qrant müsabiqəsinin qalibləri | ||
| S/S | KOB subyektinin adı | Layihənin adı və qısa məzmunu |
| 1. | "Elektron Ticarət və İnternet Biznes Mərkəzi" MMC | “AGRONET” – Aqrar və qida məhsullarının satışı üçün mobil tətbiq və vahid anbar sistemi. İnnovativ, alternativ və effektiv satış kanalları və həlləri yaradaraq fermerlərə, aqroemal müəssələrinə və qida istehsalçılarına məhsullarını yerli və xarici bazarlarda qısa müddət ərzində tanıtmaq, alıcı və sifarışçi tapmaq və itkisiz satmaqda dəstək göstərmək. |
| 2. | Fərdi sahibkar Paşayeva Maarifə Gündüz qızı | "Doc-Shop" onlayn sənəd databazası. Sahibkarlıq fəaliyyəti üçün zəruri olan sənədləri professional şəkildə hazırlanmaqla, onları vahid onlayn platformaya yerləşdirmək və sahibkarlara əlçatan etmək. |
| 3. | "Robotronics" MMC | Azərbaycan dilində audio/video faylların mətnə avtomatik çevrilmə sistemi. Hər hansı bir informasiya daşıyıcısına yazılmış danışığı mətnə çevirməyə imkan verən proqram təminatının hazırlanması. |
| 4. | Fərdi sahibkar Bədəlova Günel İsa qızı | Tullantı sularından elektrik enerjisi istehsal edən qurğu. Tullantı sularından enerji əldə etmək məqsədilə ixtira olunan qurğunun KOB subyektlərinin istifadəsi üçün nümunəsinin hazırlanması. |
| 5. | "VASCO LAB" MMC | İşğaldan azada olunmuş ərazilərdə "Ağıllı Şəhər konsepsiyası" - İoT cihazlar vasitəsi ilə tullantıların ağıllı yolla toplanması və emalı. İoT texnologiyasına əsaslanaraq tullantıların ağıllı yolla idarə olunması və toplanması sisteminin hazırlanması. |
| 6. | Fərdi sahibkar Gündüz Osman Mehdi oğlu | Azərbaycanın startap ekosisteminin inkişafina dəstək. Milli startap ekosistemin inkişafı üçün münbit şəraitin yaradılması, ekosistem iştirakçıları üçün nəzərdə tutulan platformanın yenilənməsi inkişaf etdirilməsi, "Startap" şəhadərtnaməsi əldə edən startapların mövcud durumunun analizi, ekosistemin inkişafına yönələn təkliflərin hazırlanması. |
| 7. | "Gələcək İZ" MMC | Müxtəlif təyinatlı avadanlıqlarda və texnikalarda “əşyaların intellekti”. Kənd təsərrüfatında və məişətdə istifadə olunan smart əşyaların, müxtəlif texnikaların, avadanlıqların və innovativ texnologiyaların hazırlanması, proqramlaşdırılması və təşviqi. |
| 8. | "G AND İ Consulting Group" MMC | Data əsaslı doğru qərar vermə imkanlarını artıra bilən onlayn “Ağıllı Data Analitika Platforması”. Maliyyə, xidmət, istehsalat, nəqliyyat və logistika sektorları üzrə dataları oxuya, vizuallaşdıra və proqnozlaşdıra bilən platormanın hazırlanması və təşviqi. |
| 9. | “Bakı Tekstil Fabriki” MMC | Azərbaycan istehsalı olan – yerli brend tekstil məhsullarının Avropa bazarına ixrac imkanlarının genişləndirilməsi. Fabrik tərəfindən istehsal olunan tekstil məhsullarının Avropa bazarına ixrac qabiliyyətinin artırılması üçün tələb olunan sertifikatların alınmasına və bunun üçün istehsal prosesinin təkmilləşdirilməsi, işçilərin bacarıqlarının və səriştəsinin artırılması. |
| 10. | Fərdi sahibkar Yağubov Səyavuş Əhəd oğlu | “Varroa Killer” arıçılıq təsərrüfatlarında varroa gənəsinə qarşı mübarizə. Arıçılıq təsərrüfatlarında məhsuldarlığın artırılması üçün sublimator avadanlığının hazırlanması və təşviqi. |
| 11. | “FABO” MMC | KOB-ların uçot və hesabatlılığını sadələşdirən və mühüm biznes proseslərini avtomatlaşdıran proqram təminatının hazırlanması. |
| 12. | Fərdi sahibkar İmanov Nazim Müzəffər oğlu | Azərbaycanda sosial sahibkarlığın inkişafı üzrə təklif və tövsiyələrin hazırlanması. Son illərdə aktuallaşan sosial sahibkarlığın ölkəmizdə formalaşdırılması mexanizminin elmi əsaslarının yaradılması. |
| 13. | RIHAND MMC | Qadın sahibkarları innovativ və rəqəmsal həll ilə əlaqələndirmək, bizneslərinin dayanıqlığının, inkişafının və yeni qadın sahibkarlıq subyektlərinin yaradılmasını asanlaşdırmaq məqəsdilə rəqəmsal platformanın hazırlanması. |












