Milli QHT Forumunun Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin həyata keçirdiyi “Sağlam gələcək uğrunda” adlı layihə çərçivəsində növbəti maarifləndirici seminar keçirilmişdir.
Seminarda Şirvan Peşə Litseyinin tələbələri iştirak etmişlər. Layihə rəhbəri Əli Mirzəyev həyata keçirilən layihə barədə məlumat verərək bildirdi ki, məqsəd yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin təşviq edilməsi, onların zərərli vərdişlərə qurşanmalarının qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsidir.
Layihə çərçivəsində gənclər arasında rəy sorğularının keçirilməsi, zərərli vərdişlərin fəsadları barədə məlumatları özündə əks etdirən bukletlərin paylanması, gənclərin daha çox toplaşdıqları ictimai yerlərdə zərərli vərdişlərlə mübarizəyə səsləyən plakatların yerləşdirilməsi nəzərdə tutulur.
Seminarda Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçisi Adəm Hüseynov iştirak etmiş və mövzu ətrafında öz fikir və mülahizələrini bölüşmüşdür.












