Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Regional turizmin mövcud vəziyyəti, Post pandemiya dövründə reabilitasiyası və inkişaf strategiyası” (Tədqiqat) layihəsi uğurla davam edir.
Təşkilatdan QHT.az-a verilən məlumata görə, layihənin tanıtım məhsulları (banner -RolUp-, məlumat vərəqələri) hazırlanmış və nəşr olunmuşdur. Məlumat vərəqələri turizm subyektlərində və xidmət sahələrində qonaqların istifadəsi üçün paylanılıb.
Layihənin fəaliyyət planına əsasən, artıq birinci mərhələ üçün nəzərdə tutulan sorğuların keçirilməsi uğurla başa çatmışdır. Qeyd edildiyi kimi, sorğulara Şimal-Qərb bölgəsində yaşayan və regional turizmə aid olan müxtəlif sahələrdə çalışan iş adamları (sahibkarlar, sənətkarlar, ictimai təşkilat və icma rəhbərləri), regiona səfər edən qonaqlar (turistlər), ümumilikdə 104 nəfər cəlb olunmuşdur. 5 vərəqədən və 17 sualdan ibarət olan sorğu anketləri Birliyin işçi qrupuna təhvil verilmişdir.
Respublikanın Şimal-Qərb bölgəsində regional turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla, sənətkarlarla, ictimai təşkilatlar və icma rəhbərləri ilə, qonaqlarla aparılan sorğular zamanı əldə olunmuş arzu və təkliflər Birliyin işçi qrupu tərəfindən qeydiyyata alınmışdır. Layihənin fəaliyyət planına uyğun olaraq ikinci mərhələdə sorğuların nəticələrinin təhlil olunması, Novruz bayramı ilə əlaqədar yaranmış istirahət günlərində müşahidələrin aparılması, təkbətək və qrup görüşlərinin təşkili nəzərdə tutulur. Həmçinin, növbəti mərhələdə “Novruz Bayramı” ərəfəsində regiona gələn qonaqların və xarici turistlərin asudə vaxtlarının daha əyləncəli və məhsuldar təşkil edilməsi üçün turizm subyektlərində həyata keçirilən tədbirlər də müşahidə obyekti olacaq.
Bundan başqa, bu layihənin ikinci mərhələsində növbəti addım olaraq, yerli dövlət qurumları ilə, Azərbaycan Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun yerli nümayəndəlikləri ilə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yerli KOB dostları ilə, ictimai təşkilatlar və icma rəhbərləri ilə, Bələdiyyələrlə mütəmadi görüşlərin keçirilməsi nəzərdə tutulur.
Layihə Azərbaycan Respublikasının Şimal-Qərb bölgəsində 4 ay müddətində həyata keçiriləcəkdir.












