“Ermənistan tərəfindən Tovuz istiqamətində törədilən təxribat və bu təxribata Azərbaycan Ordusunun cavabı Paşinyanı pis vəziyyət saldı. Daha sonra beynəlxalq təşkilatlar, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərinin Ermənistana dəstək verməməsi Paşinyanın ümidlərini tamamilə qırdı. Azərbaycan Ordusunun cəbhə bölgəsində uğurlu əməliyyatları ilə yanaşı, xaricdə yaşayan soydaşlarımız da bu dövrdə çox aktivlik nümayiş etdirdilər. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar erməni yalanlarına qarşı sərt mövqe sərgilədilər. Son məlumatlara görə, 25 ölkədə 100-ə yaxın müxtəlif diaspor təşkilatı və fəalları bəyanatlar veriblər. 20 ölkədə 14 dildə 70 məqalə və xəbər çap edilib. Ümumilikdə 41 aksiya keçirilib və bu etirazlarda 10 mindən çox soydaşımız iştirak edib”.
Bu fikirləri “İki sahil”ə açıqlamasında “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.
O bildirib ki, diasporumuzun qısa müddətdə təşkilatlanaraq bu tədbirləri keçirməsi Azərbaycanın haqq işinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verəcək: “Amma təəssüf ki, ermənilər bu mübarizədə uduzduqları və haqsız olduqları üçün təxribatlara əl atdılar. Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də bu ölkələrdə dinc yolla fikirlərini ifadə edən azərbaycanlı nümayişçilərə qarşı törədilən erməni təxribatları özündə vandalizm və terror elementlərini ehtiva edir. Təxribatçı ermənilər bilərəkdən azərbaycanlı icmaların üzvlərinə, diplomatlara və onların mülklərinə xəsarət yetirmək məqsədini güdmüşlər. Törədilən bu əməllər bizə tanışdır və azərbaycanlılar əsrlər boyu ermənilərin bu tip cinayətləri ilə qarşılaşmışlar. Ermənilər indi bu vandalizm hərəkətlərini Avropanın və Amerikanın mərkəzlərində törədirlər. Bu vandalizm hərəkətlərinə siyasi və hüquqi qiymətin verilməsi vacibdir. Ermənistanı "faşist dövlət" siyasətini həyata keçirir”.
C. Hüseynzadə xatırladıb ki, Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 11-də Aşqabadda MDB-nin Zirvə görüşündə Ermənistanın faşizm siyasətini konkret faktlarla dövlət başçılarının diqqətinə çatdıraraq bildirdi ki, faşist Qaregin Njde adlı erməniyə Yerevanda abidə qoyulmuşdur: “Ötən bir həftə ərzində ermənilərin Avropada və Amerikadaki fəaliyyəti bir daha onu sübut edir ki, Ermənistan dövlətinin əsas siyasəti faşizm ideyaları üzərində qurulub. Ermənistanın faşızm siyasəti nəinki region üçün, ümumiyyətlə, dünya üçün təhlükəlidir. Bu təhlükəni beynəlxalq qurumlar və Avropa dövlətlərinin hüquq mühafizə orqanları anlamalı və məsələyə adekvat münasibət bildirməldirilər”.
C. Hüseynzadə onu da vurğulayıb ki, bu məsələdə xüsusən xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın haqq işinə verdikləri möhtəşəm dəstək yüksək qiymətləndirilməlidir: “Bütün aksiyalarda azərbaycanlılar erməniləri dinc formada həm səsgücləndirici vasitələrlə, həm müxtəlif şüarlarla susdura bilmişlər. Məhz dinc və sivil mübarizədə məğlub duruma düşən erməni diasporu təxribata əl atmağa başladı və onlar özlərinin əsl xislətini göstərdilər”.
Nigar Orucova, “İki sahil”












