ABŞ ordusu İranla müharibənin ilk günlərində həyata keçirilən hücumların son illərin ən böyük hərbi əməliyyatlarından biri olduğunu açıqlayıb.

QHT.az Euronews-ə istinadən bildirir ki, Yaxın Şərqdə ABŞ və İsrailin İrana hücumu ilə başlayan qarşıdurma beşinci gününə daxil olub.

ABŞ ilə İran arasında nüvə danışıqları davam etdiyi bir vaxtda, Vaşinqton administrasiyası şənbə günü İsraillə birlikdə İrana qarşı genişmiqyaslı hava hücumlarına başlayıb. Əməliyyatlar zamanı 1989-cu ildən İranın dini lideri olan Əli Xamenei də daxil olmaqla bir çox yüksək vəzifəli şəxs həlak olub. İranda ibtidai məktəbə ABŞ-İsrail hücumu nəticəsində ölən uşaqların sayının 160-a çatdığı bildirilir.

Hücumlardan sonra bölgədə gərginlik sürətlə artıb. Tehran rəhbərliyi hava əməliyyatları ilə cavab verib. İranın ballistik raketlər və pilotsuz uçuş aparatları ilə İsrail şəhərlərini hədəfə aldığı bildirilib. Bununla yanaşı, Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İraq kimi ölkələrdəki ABŞ hərbi mövcudluğu da İranın hücumlarının hədəfi olub.

Bazar ertəsi səhər İsrail ordusu Hizbullahın İsrailə raket və PUA hücumları həyata keçirdiyini açıqlayaraq Livan ərazisində əməliyyatlara başladığını bildirib. Beyrutda partlayış səsləri eşidildiyi, İsrailin şəhərin cənub ətrafını hədəfə aldığı qeyd olunub