Nyu-York — TED (Texnologiya, Əyləncə, Dizayn) 1984-cü ildə yaradılmış beynəlxalq təşkilatdır və əsas məqsədi ideyaların paylaşılması və yayılmasıdır. TED müxtəlif sahələrdən insanların qısa və təsirli təqdimatlar vasitəsilə innovativ ideyalarını təqdim etdiyi platformadır. Qeyri-hökumət təşkilatlarına böyük layihələr üçün dəstək verən TED-in “Cəsarətli Layihə” təşəbbüsü oktyabr ayında 35 böyük donor ailəsinin iştirakı ilə Kaliforniyada bir araya gəlib və bir neçə illik böyük layihələr həyata keçirməyi planlayan 12-dən çox QHT-yə 1,03 milyard dollar ayırmaq öhdəliyi götürüb.

QHT.az xarici mediaya istinadən bildirir ki, təşəbbüs bu ilin qələbə qazanmış QHT-lərini açıqlayıb. Donorlar daha geniş layihə təqdimatları üçün QHT-lərə məsləhət verib və seçmə prosesini bir ildən çox davam etdiriblər. San Xose şəhərində fəaliyyət göstərən “Destination: Home” QHT-sinin direktoru Jennifer Loving donorların onların maliyyə tələblərini tam ödədiklərini öyrəndikdə “şok və heyrət” yaşadıqlarını bildirib. Layihə evsizliyin qarşısının alınmasını bir sıra ABŞ şəhərlərində genişləndirməyi hədəfləyir.

Bu il maliyyə alanlar arasında Kaliforniyada yerləşən “Arc İnstitutu” var. Onlar virtual hüceyrə modeli hazırlayaraq Alzheimer kimi mürəkkəb xəstəliklərin müalicəsini tapmaq üçün tədqiqat aparmağı planlaşdırırlar. Afrikada fəaliyyət göstərən “Tiko” QHT-si isə yeniyetmə qızlar üçün kontrasepsiya, QİÇS xidmətləri və cinsi zorakılığa qarşı dəstək xidmətlərini genişləndirmək üçün maliyyə alıb.

QHT-lər arasında ikinci dəfə maliyyə alanlar da var. Məsələn, ABŞ-nin qeyri-hökumət təşkilatı olan, “Last Mile Health” 2018-ci ildə qrant alaraq Afrikadakı icma səhiyyə işçilərinin sayını 2 mindən 23 minə çatdırıb və indi əlavə 20 milyon dollar qrant alaraq həm daha çox işçi hazırlayacaq, həm də yerli hökumətlərdən maliyyə koordinasiyası layihəsini dəstəkləyəcək. Bu yanaşma davamlılıq və böyük təsir yaratmaq məqsədini güdür.

“Cəsarətli Layihə” təşəbbüsünə maliyyə dəstəyi alan digər QHT-lər arasında “Braven”, “Imagine Worldwide”, “Ipas”, “Plastic Solutions Fund”, “Pure Earth”, “Solutions for Our Climate”, “The Ocean Cleanup”, “Humanitarian OpenStreetMap Team” və “Thorn” var. Layihə böyük dəyişiklik yarada biləcək qeyri-hökumət təşkilatlarını dəstəkləməyi hədəfləyir və onların fəaliyyətini genişləndirməyə imkan verir.

Fatimə Nəbiyeva