Milli Məclisin komitələrində “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuş üzrə müzakirələri yekunlaşdı.
Bu ilki büdcə müzakirələri ilk dəfə olaraq Maliyyə Nazirliyi yanında İctimai Şura üzvlərinin parlamentin komitə iclaslarında dövlət büdcəsinin müzakirələrində iştirakı ilə də əlamətdar oldu.
Komitə iclaslarında İctimai Şuranın sədri İnqilab Əhmədov, sədr müavini Nuriyyə Novruzova və Şuranın üzvləri iştirak edərək dövlət büdcəsinin əsas parametrləri və prioritetləri ilə bağlı parlament müzakirələrini bilavasitə izlədilər.
Bu təşəbbüs dövlət maliyyəsinin idarə olunmasında şəffaflığın və hesabatlılığın gücləndirilməsi, büdcə məlumatlarına əlçatanlığın genişləndirilməsi, habelə vətəndaş cəmiyyəti institutlarının büdcə prosesində iştirakının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Maliyyə Nazirliyi tərəfindən bu istiqamətdə son dövrlərdə həyata keçirilən ardıcıl tədbirlər ictimaiyyətlə açıq və effektiv dialoqun genişləndirilməsinə, büdcə prosesində ictimai iştirakçılığın daha da gücləndirilməsinə xidmət edir.










