Büdcə müzakirələrində ictimai iştirakçılıq: mühüm addım və yeni gözləntilər

Dövlət büdcəsi ölkənin inkişaf prioritetlərini və vətəndaşların gündəlik həyatına təsir edən qərarları maliyyə öhdəliklərinə çevirən əsas sənəddir. Buna görə də büdcə prosesində vətəndaş cəmiyyətinin iştirakı dövlət maliyyəsinin idarə olunmasının keyfiyyəti, ictimai etimad və hesabatlılıq baxımından xüsusi əhəmiyyət daşıyır.

Milli Məclisin komitələrində “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuş üzrə müzakirələri bu il ictimai iştirakçılıq baxımından mühüm yeniliklə yadda qaldı. 

İlk dəfə olaraq Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvlərinin parlamentin komitə iclaslarında keçirilən büdcə müzakirələrində iştirakı təmin olundu. Bu təşəbbüs vətəndaş cəmiyyəti nümayəndələrinə büdcənin prioritetləri və əsas parametrləri ilə bağlı müzakirələri bilavasitə izləmək imkanı yaratdı.

Şuranın sədri İnqilab Əhmədovun, sədr müavini Nuriyyə Novruzovanın və şura üzvü Əyyub Kərimlinin müzakirələrə qatılması dövlət maliyyəsi ətrafında dialoqun genişləndirilməsi istiqamətində müsbət hadisədir. 

Bu addım vətəndaş cəmiyyətinin uzun müddətdir gündəmə gətirdiyi büdcə prosesində daha açıq və sistemli iştirakın təmin olunması məsələsinin praktik həllinə doğru irəliləyiş kimi qiymətləndirilməlidir.

Şəffaflıqda irəliləyiş, iştirakçılıqda inkişaf ehtiyacı

Beynəlxalq Büdcə Tərəfdaşlığının (IBP) hazırladığı 2023-cü il üzrə Açıq Büdcə Sorğusunda Azərbaycan büdcə şəffaflığı üzrə 100 mümkün baldan 67 bal toplayıb. Bu nəticə 45 ballıq qlobal orta göstəricidən yüksəkdir və ölkənin büdcə barədə məlumatlı ictimai müzakirələrin aparılması üçün yetərli məlumat dərc edən ölkələr qrupuna daxil olduğunu göstərir.

Həmin qiymətləndirmədə büdcəyə nəzarət üzrə Azərbaycanın göstəricisi 65 bal, ictimai iştirakçılıq üzrə isə 11 bal olub. İştirakçılıq üzrə qlobal orta göstərici 15 bal təşkil edib. Bu rəqəmlər büdcə məlumatlarının açıqlanmasındakı irəliləyişin ictimai iştirak imkanlarının genişlənməsi ilə tamamlanmasına ehtiyac olduğunu göstərir.

IBP-nin Azərbaycan üzrə tövsiyələri arasında büdcə layihəsi qəbul edilməzdən əvvəl vətəndaş cəmiyyəti nümayəndələrinin parlament dinləmələrində çıxış etmələri üçün imkanların yaradılması da yer alır. Bu baxımdan, İctimai Şuranın komitə müzakirələrinə qatılması həmin istiqamətdə irəliləyiş üçün zəmin yaradır.

Uzunmüddətli gözləntidən praktik əməkdaşlığa

Vətəndaş cəmiyyəti olaraq uzun illər dövlət qurumlarının fəaliyyətində ictimai iştirakçılığın genişləndirilməsini, o cümlədən büdcə müzakirələrində QHT-lərin iştirak imkanlarının artırılmasını vacib hesab etmişik. Bu mövzunun müxtəlif platformalarda qaldırılmasına baxmayaraq, gözlənilən əməkdaşlıq mexanizmlərinin formalaşması zaman alıb.

Sahil Babayevin maliyyə naziri kimi bu istiqamətdə nümayiş etdirdiyi yanaşma müsbət qiymətləndirilməlidir. Sahil Babayev nazir təyin olunduqdan sonra keçirilən ilk kollegiya iclaslarında ictimai nəzarətin təşkilini, vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsini və büdcə məlumatlarına əlçatanlığın genişləndirilməsini prioritetlər kimi elan etmişdi.

2025-ci ildə Maliyyə Nazirliyi yanında İctimai Şuranın yaradılması bu baxımdan mühüm mərhələ oldu. Şuranın parlament müzakirələrində təmsil olunması həmin yanaşmanın praktik davamı kimi əhəmiyyətlidir.

Açılan imkan davamlı təcrübəyə çevrilməlidir

Komitə iclaslarında iştirak etmək və müzakirələri birbaşa izləmək vacib başlanğıcdır. Hesab edirik ki, yaradılan bu imkan davamlı təcrübəyə çevrilməlidir.

İctimai Şura üzvlərinin parlamentin büdcə müzakirələrinə qatılması təqdirəlayiq addımdır. Bu təşəbbüs vətəndaş cəmiyyətinin uzunmüddətli gözləntilərinə cavab verməklə yanaşı, dövlət maliyyəsi sahəsində daha məzmunlu əməkdaşlıq üçün imkan açır.

İndi əsas məsələ həmin imkanın davamlı idarəetmə təcrübəsinə çevrilməsidir. Təkliflərin dinlənildiyi, onlara əsaslandırılmış münasibətin bildirildiyi və nəticələrin ictimaiyyətə çatdırıldığı proses həm dövlət qurumlarının işinə fayda verər, həm də vətəndaşların büdcə qərarlarına etimadını gücləndirər.

Azərbaycanın büdcə şəffaflığı sahəsində əldə etdiyi irəliləyiş ictimai iştirakçılığın genişlənməsi üçün əlverişli əsas yaradır. Maliyyə Nazirliyinin atdığı bu addımın ardıcıl davam etdirilməsi həmin potensialın reallaşmasına və dövlətlə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edə bilər.

 

Cəsarət Hüseynzadə

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının baş redaktoru