Funksional tibbdə qidalanmanın əsas məqsədi yalnız mövcud şikayətləri aradan qaldırmaq deyil, həm də bağırsaq ekosisteminə təsir edən qidalanma və həyat tərzi amillərini birlikdə qiymətləndirməkdir. Bu baxımdan bağırsaq mikrobiotası mühüm əhəmiyyət daşıyır. Funksional qidalanmada tərəvəz, meyvə, paxlalılar, tam taxıllar, çərəzlər, zeytun yağı və yoqurt gündəlik qida rasionunda mütləq yer almalıdır.
7-ci Funksional Tibb Konqresində Funksional Tibb Platformasının Elmi Şurasının üzvü, qidalanma və dietologiya üzrə mütəxəssis Yeşim Temel Özcan ilə görüşdüm.
Mütəxəssis sağlam qidalanmanın bir çox xəstəliyin qarşısının alınmasında, immunitetin gücləndirilməsində və yaşlılıq dövründə keyfiyyətli həyatın təmin olunmasında mühüm sərmayə olduğunu bildirib.
Yeşim Temel Özcan qeyd edib:
“Sağlamlığın qorunması hər bir insanın müxtəlif qida qruplarından öz ehtiyacına uyğun miqdarda və müntəzəm şəkildə qida qəbul etməsinə əsaslanır. Əlbəttə, bu proses davamlı olmalıdır. Ana bətnindən başlayaraq uşaqlıq, yetkinlik və yaşlılıq dövrü də daxil olmaqla, həyatın bütün mərhələlərində qidalanma mübahisəsiz əhəmiyyət daşıyır. Qidalanma zamanı bağırsaq sağlamlığı, mikrobiota və pəhrizlər mütləq nəzərə alınmalıdır”.
Sinir sistemi ilə daimi əlaqədədir
Yeşim Temel Özcan bağırsaq sağlamlığının qidalanmada nə üçün vacib olduğunu belə izah edib:
“Çünki bağırsaq yalnız həzm orqanı deyil. O, immun sistemi, metabolizm və sinir sistemi ilə daim əlaqədədir. Funksional qidalanmada məqsədim yalnız şikayətləri aradan qaldırmaq deyil, bağırsaq ekosisteminə təsir edən qidalanma və həyat tərzi amillərini birlikdə qiymətləndirməkdir.
Bağırsaq baryeri qida maddələrinin sorulmasına imkan yaratmaqla yanaşı, arzuolunmaz maddələrə qarşı seçici qoruyucu sərhəd yaradır. Mikrobiota isə lifləri fermentasiya edərək faydalı metabolitlər istehsal edir və immun cavabın tənzimlənməsinə töhfə verir”.
Xəstəliklərin xəbərçisi ola bilərmi?
Bağırsaqlarda yaranan problemlərin hansı xəstəliklərin əlaməti ola biləcəyini isə mütəxəssis belə izah edib:
“Uzun müddət davam edən ishal, qəbizlik, qanaxma və ya səbəbi izah olunmayan çəki itkisi çölyak xəstəliyi, iltihabi bağırsaq xəstəlikləri və digər problemlər baxımından tibbi qiymətləndirmə tələb edir.
Bağırsaq mikrobiotasında baş verən dəyişikliklər piylənmə, 2-ci tip diabet və bəzi immun sistemi xəstəlikləri ilə əlaqələndirilir. Lakin bu dəyişikliklər özlüyündə hər hansı xəstəliyə diaqnoz qoymaq üçün kifayət etmir”.










