Alimlər yuxu zamanı verilən qısa müddətli çəhrayı səs-küy səslərinin beyin-onurğa beyni mayesinin (BOS) hərəkətini artırdığını müəyyən ediblər. Araşdırma bu təsirin beynin tullantı maddələrdən təmizlənmə mexanizminə töhfə verə biləcəyini göstərir.
Beyin yuxu zamanı gün ərzində toplanan tullantı maddələri təmizləmək üçün öz mexanizmini işə salır. Ql işfatik sistem adlanan bu mexanizm beyin-onurğa beyni mayesi vasitəsilə beyni yuyaraq tullantı hissəciklərinin uzaqlaşdırılmasına kömək edir.
Lakin yuxu rejiminin pozulması və yaşlanmanın təbii təsirləri bu prosesi ləngidə bilər. Nəticədə zərərli maddələr beyində toplana və neyrodegenerativ xəstəliklərin yaranma riski arta bilər.
Aşağı tezlikli səslər
Science Translational Medicine jurnalında dərc olunan araşdırmada yuxu zamanı beyin dalğaları ilə eyni vaxta uyğunlaşdırılaraq verilən qısa çəhrayı səs-küy səslərinin beyin-onurğa beyni mayesinin axınını artıra biləcəyi göstərilib.
Araşdırmada istifadə olunan çəhrayı səs-küy aşağı tezlikli səslərin daha üstünlük təşkil etdiyi, yüksək tezlikli səslərin isə nisbətən zəif olduğu səs növü kimi izah edilir. Yüngül statik səsi xatırladan bu səs-küyün yuxu zamanı müəyyən beyin dalğaları ilə uyğunlaşdırılması hədəflənir.
Tədqiqatçılar yuxu zamanı meydana gələn və yavaş dalğalar adlandırılan beyin fəaliyyəti mərhələlərinin beyin-onurğa beyni mayesinin axınından əvvəl baş verdiyini bilirdilər.
Əvvəlki araşdırmalar da bu dalğaların ən yüksək nöqtələrində çəhrayı səs-küy verilməsinin yavaş beyin dalğalarını gücləndirə biləcəyini göstərmişdi.










