İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova insan alverinə qarşı maarifləndirmə tədbiri haqda QHT.az-a açıqlama verib.
DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin insan alveri ilə bağlı maarifləndirmə tədbirləri planına uyğun olaraq, Buzovna qəsəbəsində yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində növbəti tədbir keçirilib.
Tədbirdə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Ruslan Alıyev çıxış edərək dövlət strukturlarının bu sahədə həyata keçirdiyi tədbirlər, qanunvericilik və profilaktik mexanizmlər barədə iştirakçılara məlumat verib. O, eyni zamanda bildirib ki, insan alverinə qarşı effektiv mübarizə yalnız hüquqi mexanizmlərlə deyil, həm də cəmiyyətin hər bir üzvünün məlumatlılığı, fəallığı və birgə fəaliyyəti ilə mümkündür.
Tədbirdə çıxış edən “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova isə qeyd edib ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da rəqəmsal platformalar üzərindən insan alveri, fahişəliyə cəlbetmə, istismar və digər qanunsuz fəaliyyət halları müşahidə olunur. O bildirib ki, artıq insan alverçilərinin çoxu sosial şəbəkələrə inteqrasiya olunaraq reklam dili ilə danışır, “yüksək maaşlı iş” vədləri ilə qurbanlarına tələ qururlar. Buna görə də tələbələri məlumatlı və ayıq-sayıq olmağa çağırıb.






