Norwegian Refugee Council son günlərdə yayımladığı açıqlamada bildirib ki, ABŞ-nin xarici yardımları dondurması səbəbindən dünyanın təxminən 20 ölkəsində humanitar fəaliyyətlərinin bir hissəsini dayandırmağa məcbur olub. Təşkilat bunu “tarixində ilk dəfə belə ağır qərar” adlandırıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, bu qərar xüsusilə müharibə, aclıq və məcburi köçkün problemləri yaşayan bölgələrə ciddi təsir göstərəcək. Yardımların dayandırıldığı və ya risk altında olduğu ölkələr arasında Ukrayna, Sudan, Burkina Faso və Əfqanıstan da var. Təşkilat bildirir ki, yüz minlərlə insan ərzaq, içməli su, sığınacaq və tibbi yardım kimi əsas ehtiyaclardan məhrum qala bilər.

NRC açıqlayıb ki, 2024-cü ildə ABŞ maliyyəsi hesabına təxminən 1,6 milyon insana yardım göstərilib. Təşkilatın ümumi büdcəsinin təxminən 20 faizi, yəni 150 milyon dollara yaxın hissəsi ABŞ tərəfindən maliyyələşdirilib. Yardımın dayanması isə artıq bəzi proqramların bağlanmasına və əməkdaşların işdən çıxarılmasına səbəb olub.

QHT nümayəndələri, xüsusilə Ukraynada cəbhə bölgələrinə göndərilməsi planlaşdırılan təcili yardımların dayandırıldığını vurğulayıblar. Sudanın Darfur bölgəsində isə həyati əhəmiyyətli humanitar proqramların yaxın zamanda tamamilə bağlana biləcəyi bildirilib.

Təşkilat həmçinin ABŞ hökumətindən milyonlarla dollar məbləğində gecikmiş ödəniş gözlədiklərini qeyd edib. NRC rəhbərliyi xəbərdarlıq edib ki, əgər maliyyə bərpa olunmasa, daha çox ölkədə fəaliyyətlərini azaltmağa məcbur qalacaqlar. 

Piranə Xasiyeva