Bu il aprelin 24-də Prezident İlham Əliyev İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam imzaladı. Sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. İkinci Dünya müharibəsində iştirak etmiş veteranlara müxtəlif ölkələrdə verilən birdəfəlik ödənişlərin məbləği araşdırıb. Müqayisə göstərir ki, bu istiqamətdə ən yüksək məbləğlərdən birini məhz Azərbaycan ödəyir.
Mövzu ilə bağlı "Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlama verib.
İ.Hüseynlinin sözlərinə görə, hazırda İkinci Dünya Müharibəsinin sağ qalan veteranlarının sayı çox azdır və onlar üçün ayrılan vəsait dövlət büdcəsi üçün ciddi yük hesab olunmur: "Rəsmi statistikaya görə, hazırda İkinci Dünya Müharibəsinin 28 nəfər sağ qalan veteranı var. Sözsüz ki, bu şəxslər üçün ayrılan ümumi vəsait – təxminən 80 min manata yaxın – dövlət büdcəsi üçün ciddi yük yaratmır".
İlqar Hüseynli bildirib ki, təşəbbüs sosial baxımdan müsbət qiymətləndirilə bilər və yaşlı insanların xüsusi qayğıya ehtiyacı var: "Bu baxımdan hesab edirəm ki, bu təşəbbüs sosial baxımdan müsbət dəyərləndirilə bilər. Çünki bu azsaylı insanlar, hətta nəzəri cəhətdən İkinci Dünya Müharibəsinin birbaşa iştirakçıları olmasalar belə, artıq çox uzun ömür yaşamış və xüsusi qayğıya ehtiyacı olan şəxslərdir".
Sədr vurğulayıb ki, maddi dəstək yaşlı veteranların səhiyyə və sosial rifahına müsbət təsir göstərə bilər: "Onların bu yaş mərhələsində maddi dəstək alması həm səhiyyə xidmətlərinin daha səmərəli təmin olunmasına, həm də dərman təchizatının yaxşılaşdırılmasına və ümumilikdə sosial rifahlarının yüksəldilməsinə töhfə verə bilər".
İ.Hüseynlinin fikrincə, dəstək proqramının əhatə dairəsi genişləndirilsə, daha çox insan sosial təminatdan yararlana bilər: "Daha geniş yanaşma tətbiq olunsa, məsələn, İkinci Dünya Müharibəsi iştirakçılarının ailə üzvləri də (məsələn, vəfat etmiş iştirakçının həyat yoldaşı) bu dəstəyə daxil edilsə, daha çox insanın sosial təminatı yaxşılaşdırılmış olar".
İlqar Hüseynli qeyd edib ki, layihə az sayda insanı əhatə etsə də, sosial baxımdan dəstəklənəsi addımdır: "Ümumilikdə isə, bu layihə yalnız 28 nəfəri əhatə etsə belə, sosial baxımdan müsbət və dəstəklənəsi bir qərar kimi qiymətləndirilə bilər".
Fatimə Nəbiyeva






