Tesla-nın baş direktoru İlon Mask Tesla ilə SpaceX şirkətlərinin gələcəkdə birləşdirilməsi ehtimalını istisna etməyib. O bildirib ki, iki şirkət arasında əməkdaşlıq getdikcə genişlənir, lakin belə məsələlər maliyyə hesabatı təqdim olunan iclaslarda müzakirə oluna bilməz və yalnız müvafiq prosedurlar çərçivəsində həyata keçirilə bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, son dövrdə investorlar və analitiklər Tesla ilə SpaceX-in birləşə biləcəyi barədə ehtimalları daha çox səsləndirirlər. Tesla hazırda SpaceX üçün batareya və istehsal texnologiyaları təqdim edir. Hər iki şirkət həmçinin süni intellekt çiplərinin istehsalı üçün nəzərdə tutulan Terafab layihəsi üzərində birlikdə çalışır.

Analitiklər hesab edirlər ki, belə bir addım Maskın süni intellekt, robot texnologiyaları, enerji və kosmik sənaye sahələrindəki fəaliyyətini vahid struktur altında birləşdirə bilər. Bununla yanaşı, ekspertlər tənzimləyici icazələr və korporativ idarəetmə məsələlərinin mümkün birləşmə qarşısında əsas çətinliklər olacağını bildirirlər.