Meta şirkətinə məxsus mətn əsaslı sosial media platforması Threads, iki il davam edən məhdudiyyətdən sonra Türkiyədə yenidən istifadəyə açılıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, platforma istifadəçilərə mətn paylaşımları etmək və açıq ictimai müzakirələrdə iştirak etmək imkanı yaradır. Instagram hesabı vasitəsilə sürətli qeydiyyat funksiyası təqdim edən və X (əvvəlki Twitter) platformasına rəqib kimi yaradılan Threads, Türkiyədə 29 aprel 2024-cü ildə fəaliyyətini dayandırmışdı.

Məhdudiyyətin səbəbi kimi Türkiyənin Rəqabət Qurumunun qərarı göstərilmişdi. Qurum, Threads və Instagram arasında məlumat paylaşımının Meta-nın bazardakı üstün mövqeyindən sui-istifadə etməsinə və rəqabət qaydalarının pozulmasına səbəb ola biləcəyi ilə bağlı narahatlıqlarını bildirmişdi.

Bu müddətdə istifadəçi məlumatlarının platformalar arasında ötürülməsi və profillərin birləşdirilməsi müzakirələrin əsas mövzularından biri olub. Qərardan sonra Meta Türkiyədəki Threads hesablarını deaktiv etmiş və istifadəçilərin platformaya girişini məhdudlaşdırmışdı.

Meta-nın açıqlamasına görə, Threads artıq Türkiyədə yenidən aktivdir. İstifadəçilər tətbiqi yükləyərək və ya threads.net vasitəsilə mövcud hesablarını yenidən aktivləşdirə bilərlər. Əvvəlki paylaşımlar, izləyicilər və digər hesab məlumatları da istifadəçilər üçün əlçatan olacaq.

Piranə Xasiyeva