Hakimlərimizin sayı üçdə bir qədər - 200 vahid artırılıb, bu ştatların tezliklə komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi davamlı xarakter alıb və artıq 123 nəfər birinci instansiya məhkəmələrinin hakimi təyin ediliblər.

 

QHT.az xəbər verir ki, bunu Ali Məhkəmənin 100 illiyinə həsr olunan beynəlxalq konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib.

 

Onun sözlərinə görə, 123 nəfər birinci instansiya məhkəmələrinin hakimi təyin edilənlərin yarıya qədərini qadınların təşkil edir.

 

"Bu isə daha təcrübəli hakimlərin irəli çəkilməsinə imkan yaratmış və nəticədə Ali Məhkəmənin tərkibi 70% təzələnib. Ali Məhkəmə həm də məhkəmə sistemi üçün böyük kadr ehtiyatı rolu oynayır. Belə ki, Ali Məhkəmənin hakimləri apellyasiya instansiyası məhkəmələrinin, habelə mühüm birinci instansiya məhkəmələrinin sədrləri vəzifəsinə təyinat almışlar", - deyə F.Məmmədov əlavə edib.

 

QHT.az Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun çıxışın mətnini təqdim edir.

 

Hörmətli konfrans iştirakçıları,
Dəyərli qonaqlar, Xanımlar və cənablar,

İlk növbədə Ali Məhkəmənin kollektivini və məhkəmə hakimiyyətinin bütün təmsilçilərini bu əlamətdar yubiley münasibətilə ədliyyə işçiləri adından ürəkdən təbrik edirəm. 
Bu yubiley həm də onunla əlamətdardır ki, o ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümündə - “Heydər Əliyev İli”ndə qeyd olunur. 
Ulu Öndərin "tariximizin hər səhifəsi bizim üçün əzizdir" fikrinə sadiq qalaraq məhkəmə sistemimizin inkişafı yolunda bəzi mühüm məsələlərə nəzər salmıya bilmərik. 
Hələ qədim dövrlərdə Azərbaycanda yaranmış dövlətlərdə məhkəmələrin fəaliyyətində müstəqillik, tərəflərin bərabərliyi və çəkişmə kimi mühüm prinsiplərin elementləri, xüsusilə də çoxpilləlilik institutu mövcud olmuşdur. 
Eyni zamanda hakimlər üçün tələblərə, onların təminatına xüsusi əhəmiyyət verilmişdir. 
Orta əsrlərdə «Qazan xan islahatları» kimi məşhurlaşan hüquq islahatı Azərbaycanda məhkəmələrin müstəqilliyinin təmin olunmasına, onların kənar müdaxilədən qorunmasına, işlərə baxılarkən ədalətin gözlənilməsinə yönəlmişdi. 


1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətində demokratik hüquq sisteminin formalaşması, mütərəqqi məhkəmə islahatının aparılması üçün önəmli addımlar atılmış, lakin təəssüf ki, ölkənin işğalı bu taleyüklü işlərin başa çatdırılmasına, ali məhkəmə orqanının yaradılmasına imkan verməmişdi. 
Və düz 100 il əvvəl məhz bu gün Azərbaycanda ali məhkəmə orqanı bərqərar olmuşdur. 
Sovet hakimiyyəti illərində keşməkeşli yollar qət edən məhkəmə-hüquq sistemimizin dayanıqlı fəaliyyəti ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişi dövrünə təsadüf edir. 
Ədalət, qanunçuluq və hüquq qaydalarının təminatını hər zaman üstün tutan Heydər Əliyev «ədaləti ədalətsizliklə bərpa etmək olmaz» - deyərək qanunun aliliyini əsas meyar saydı. 

 

Cinayətkarlığa, korrupsiyaya qarşı SSRİ məkanında ilk dəfə aşkar və cəsarətli çıxış edərək barışmaz münasibət göstərdi, vətəndaş məmnunluğunu təmin etdi. 
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra xalqın tələbi ilə hakimiyyətə qayıdan dahi öndər Heydər Əliyev demokratik, hüquqi dövlətin təməlini qoydu və mütərəqqi hüquqi islahatlar həyata keçirildi. 

 

Yeni, müasir qanunlar və məcəllələr qəbul olundu, üçpilləli müstəqil məhkəmə sistemi və bu hakimiyyətdə mühüm rol oynayan Ali Məhkəmə formalaşdırıldı. 
Məhkəmələrə insan haqlarının qorunması ilə bağlı müstəsna səlahiyyətlər verildi, Azərbaycan postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və bununla da "Habeas Corpus" prinsipini tətbiq edən ilk dövlətlərdən oldu. Humanizm prinsiplərinə sadiqlik göstərilərək şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv olundu. 
Həmçinin, Ali Məhkəmə demokratik cəmiyyətə xas olmayan nəzarət funksiyalarından azad edildi və onun sırf kassasiya instansiyası kimi yalnız hüquqi məsələləri araşdırması və prosesdə vəkilin mütləq iştirakı təsbit olundu. 

 

Dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə hakim seçimi keçirilərək təyinatlar aparıldı. Əvvəlki hakim korpusu 60% təzələndi. Bundan dərhal sonra ABŞ-da olarkən ümummilli liderin səsləndirdiyi fikirləri biz bir az əvvəl nümayiş etdirilən filimdə də seyr etdik. 
 

Hörmətli tədbir iştirakçıları,
Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan rəhbərliyinə gəldiyi ilk günlərdən məhkəmə hakimiyyətinin müasir çağırışlara uyğun inkişafı, məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və şəffaflığın artırılması, onun cəmiyyətdə nüfuzunun yüksəldilməsi üzrə tövsiyə və tapşırıqlar vermiş, bu istiqamətdə mütərəqqi islahatlara başlanılmışdır. 
İslahatlar zamanı Avropa Şurası ilə əməkdaşlıqda məhkəmə fəaliyyətini tənzimləyən mövcud qanunvericilik mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla demək olar ki, hər il təkmilləşdirilmiş, yeni qanunlar qəbul edilmişdir. 
Mühüm institusional tədbirlər görülərək məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası və həmçinin, Hakimlərin Seçki Komitəsi yaradılmış, hakimliyə namizədlərin beynəlxalq aləmdə təqdir olunan ən mütərəqqi və şəffaf seçimi Qaydası müəyyən olunmuşdur. 
Eyni zamanda məhkəmə hakimiyyətinin müstəqilliyinin əlavə təminatları yaradılmış, onun fəaliyyətinə müdaxilələrin Məhkəmə-Hüquq Şurası tərəfindən qarşısının alınması mexanizmləri müəyyən edilmiş, məhkəmə büdcələri təsdiq olunarkən Şura ilə razılaşdırılması, habelə hakimlərin əmək haqqının azaldılmasının qanunla qadağan olunması təsbit edilmiş, digər tədbirlər görülmüşdür. 


Həmçinin, vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması məqsədilə məhkəmə sistemi təkmilləşdirilmiş və 40-dək yeni məhkəmə, o cümlədən bütün bölgələrdə apellyasiya məhkəmələri, inzibati ədliyyə institutu yaradılmışdır. Mövcud məhkəmə infrastrukturu Dünya Bankının iştirakı ilə müasirləşdirilərək paytaxtda və bölgələrdə 35 məhkəmə üçün yüksək texnoloji - hi-tech bina və komplekslər inşa olunaraq istifadəyə verilmişdir. 
Bu məhkəmələrin əksəriyyətinin ölkə Prezidenti tərəfindən açılışının şəxsən həyata keçirməsi məhkəmə hakimiyyətinə dövlətimizin verdiyi müstəsna dəyərin bariz təzahürüdür. 
Eyni zamanda məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə məhkəmə fəaliyyəti elektronlaşdırılmış, insanların məhkəməyə müraciət etdiyi andan məhkəmə qərarının icrasına qədər bütün prosesi əhatə edən "Elektron məhkəmə" informasiya sistemi yaradılmışdır. 
Artıq məhkəmələrin 80%-ə qədərində tətbiq edilən bu sistemin yaxın aylarda ölkənin bütün məhkəmələrini əhatə etməsi nəzərdə tutulur.
Qeyd olunmalıdır ki, məhkəmə islahatlarımız beynəlxalq aləmdə də təqdir olunur. Ölkəmiz bu sahədə nailiyyətlərinə görə Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" mükafatına layiq görülmüş, Dünya Bankı ilə birgə həyata keçirilən ədliyyə sisteminin müasirləşdirilməsi üzrə layihələrimiz ən uğurlu layihələr kimi müxtəlif nominasiyalarının qalibi olmuşdur. Öz şəffaflığı ilə fərqlənən hakimlərin seçimi prosedurumuz isə Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirərək digər dövlətlərə ondan bəhrələnmək tövsiyə edilmişdir. 

 

Məhkəmə fəaliyyəti ilə bağlı bütün məsələlərin tənzimlənməsində Azərbaycan Ali Məhkəməsi fəal iştirak edir. 
Belə ki, Ali Məhkəmənin sədri, habelə məhkəmənin 2 hakimi Məhkəmə-Hüquq Şurasının, daha 2 hakimi isə Hakimlərin Seçki Komitəsinin üzvü olmaqla bu sahədə qərarların qəbulunda birbaşa iştirak edirlər. Komitənin ilk sədri də məhz Ali Məhkəmənin hakimi seçilmişdir. 

 

Bununla yanaşı hakimlərin məsuliyyət hissinin artırılmasında Ali Məhkəmə mühüm rola malik olmaqla məhkəmə səhvlərinin profilaktikasında prinsipial və təsirli mövqe göstərir, kobud pozuntulara qarşı intizam icraatını təşviq edir, digər tədbirlər görür. 
Məhkəmə islahatları daim davam edən prosesdir. Ali Məhkəmənin binasının təməlinin qoyulması mərasimində möhtərəm cənab Prezident demişdir ki, bu islahatların əvvəli var, amma sonu yoxdur. 

 

Bununla əlaqədar dövlət başçısının 3 aprel 2019-cu il tarixdə imzaladığı Fərmanla məhkəmə islahatlarımız müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçmişdir. 
Hörmətli məruzəçi Ramiz müəllim Fərmanın icrası üzrə görülmüş işlərə toxundu. Təkrarçılığa yol verməmək üçün istərdim bu sahədə qısa müddətdə görülmüş nəhəng işlərdən yalnız bəzi məqamların üzərində dayanım. 

 

Belə ki, institional tədbirlər çərçivəsində 13 regional məhkəmə, o cümlədən bölgələrdə ayrıca inzibati və kommersiya məhkəmələri yaradılmış, özəl ekspertiza təsbit olunmuş, mediasiya institutu fəaliyyətə başlamışdır. 
Sadələşdirilmiş və yazılı icraatın genişləndirilməsi, proseslərdə video-konfransın və elektron icraatın tətbiqi, məhkəmə rüsumlarının differensiasiyası ədalət mühakiməsinin səmərəliliyinə müsbət təsir göstərmişdir. 

 

Eyni zamanda Fərmana uyğun olaraq hakimlərin fəaliyyətinin müasir tələblərə cavab verən yeni, şəffaf qiymətləndirmə Qaydaları müəyyən edilmişdir. Və bu prosesdə Ali Məhkəmə əhəmiyyətli rol oynayır, hər bir hakimin fəaliyyətini ətraflı və prinsipial təhlil etməklə rəylər verir. Məhkəmə-Hüquq Şurasının üzvü olan Ali Məhkəmənin hakimləri qiymətləndirmə prosesində bilavasitə və fəal iştirak edirlər.
 

Fərmanla həmçinin, hakimlərimizin sayı üçdə bir qədər - 200 vahid artırılmış, bu ştatların tezliklə komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi davamlı xarakter almış və artıq 123 nəfər birinci instansiya məhkəmələrinin hakimi təyin edilmişlər. Onların yarıya qədərini qadınların təşkil etməsi xüsusi qeyd olunmalıdır. 
Bu isə daha təcrübəli hakimlərin irəli çəkilməsinə imkan yaratmış və nəticədə Ali Məhkəmənin tərkibi 70% təzələnmişdir. 
Ali Məhkəmə həm də məhkəmə sistemi üçün böyük kadr ehtiyatı rolu oynayır. Belə ki, Ali Məhkəmənin hakimləri apellyasiya instansiyası məhkəmələrinin, habelə mühüm birinci instansiya məhkəmələrinin sədrləri vəzifəsinə təyinat almışlar. 

 

Hörmətli konfrans iştirakçıları, 
Bu gün əsas vəzifələrimizdən biri ədalət mühakiməsi sistemini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizlə azad edilmiş torpaqlarımızda təmin etməkdir.
İşğal dönəmində büsbütün dağıdılaraq minalanmış ərazilərimizdə dövlət başçısının rəhbərliyi ilə infrastruktur təzədən qurulur, o cümlədən qədim abidələrimiz, mədəni irsimiz respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə iştirakı ilə bərpa edilir. 
Həmin bölgədə bütün infrastruktur bərpa olunduqdan və soydaşlarımız öz torpaqlarına qayıtdıqdan sonra, sözsüz ki, yeni yaradılan məhkəmə və ədliyyə qurumlarımız da fəaliyyətə başlayacaqdır. 

 

Sonda mən bir daha əlamətdar yubiley və  ölkə Prezidentinin yüksək etimadı ilə təltif olunmaları münasibətilə Ali Məhkəmənin kollektivini səmimi qəlbdən təbrik edir, insan hüquqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi naminə şərəfli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıram.
Diqqətinizə görə minnətdaram!