Gürcüstan Parlamenti QHT-lər üçün xarici qrantların istifadəsini sərtləşdirib

QHT.az  xarici mətbuata istinadən xəbər verir ki,  Gürcüstan Parlamenti “Qrantlar haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib. Bu dəyişikliklər qeyri-hökumət təşkilatlarının xarici qrantları əldə etməsi və istifadə etməsi, eləcə də siyasi fəaliyyət və aktivlik qaydalarını sərtləşdirir.

Qanun layihəsinə əsasən, xarici qrant alan təşkilatlar həmin vəsaitlərin təsdiqi üçün hökumətə müraciət etməlidirlər. Xarici qrantların Gürcüstanda siyasi fəaliyyət üçün istifadə olunmasına icazə verilməyəcək. Məhdudiyyətlər Gürcüstandan kənarda yaşayan miqrantların ölkədəki qohumlarına göndərdikləri pul köçürmələrinə şamil olunmayacaq.

Dəyişikliklər Cinayət Məcəlləsinə də daxil edilib. Belə ki, Gürcüstan vətəndaşlarının konstitusiya quruluşunun və ya konstitusion orqanların tanınmamasına sistemli çağırışlar etməsi cərimə və ya cinayət məsuliyyəti ilə cəzalandırıla biləcək. Cinayət Məcəlləsinə həmçinin yeni maddə – “Konstitusiya quruluşuna qarşı ekstremizm” maddəsi əlavə olunur.

Dəyişikliklərin müəlliflərindən biri, parlamentin Hüquq məsələləri komitəsinin sədri Arçil Gorduladze jurnalistlərə bildirib ki, dövlət Gürcüstanda radikal qüvvələri dəstəkləməyə yönələn xarici maliyyələşməni tam şəkildə aradan qaldırmalıdır. Onun sözlərinə görə, bəzi qüvvələr “qanunsuz və inqilabi üsullarla ölkədə hakimiyyəti ələ keçirməyə çalışırlar”.