Azərbaycanın D-8 Təşkilatına üzv olması, qeyri-hökumət təşkilatlarının, xüsusilə qadın təşkilatlarının regional və beynəlxalq platformalarda rolunu gücləndirəcək. İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli QHT.az-a özəl açıqlamasında bu üzvlüyün Azərbaycan üçün bir çox üstünlüklər yaratdığını bildirib. QHT sədri qadın təşkilatlarının vətəndaş cəmiyyətinin bir hissəsi olaraq D-8 çərçivəsində daha çox beynəlxalq əlaqələr qurma və yeni əməkdaşlıqlar başlatma imkanına sahib olacağını vurğulayıb:
"Qadın təşkilatları və vətəndaş cəmiyyəti təşkilatlarının bir parçasıdır. Orada təmsil olunan ölkələrə baxanda qeyd etmək istəyirəm ki, Malayziya və Türkiyə kimi ölkələrin həmin D-8 formatında təmsil olunması və Azərbaycan qadın təşkilatlarının və vətəndaş cəmiyyətinin, ümumiyyətlə, bu kimi təşkilatlarla birgə platformalarda iştirakı, eyni zamanda birgə fəaliyyətləri, birgə iş görmələri, birgə layihələrə müraciət etmələri, Azərbaycan və həmin ölkələrin ikili və çoxtərəfli, hətta səkkizli formatda böyük konfranslarda görüşmələri, təbii ki, bizə bir çox üstünlüklər gətirir. Bunlar həmin platformalar bizim beynəlxalq əlaqələrimizi inkişaf etdirir"
V.Hüseynli, D-8 platformasında Azərbaycanın təmsil olunmasının, sülh danışıqları və Ermənistanın şər-böhtanlarına qarşı mübarizə sahəsində də mühüm rol oynayacağını qeyd edib. Bu, Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq və yeni layihələrə imza atılmasına təkan verəcək:
"2025 və növbəti illər üçün bu platformada strateji planların hazırlanması və təşkilatlar arasında əl birliyi ilə fəaliyyət göstərilməsi gözlənilir".
Pərvanə Fərhadqızı










