Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov QHT.az -a açıqlamasında ölkəmizdəki pul-kredit siyasəti ilə bağlı mövcud yanaşmaların yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. O, region ölkələrində faiz dərəcələrinin və pul-kredit siyasətinin sərt olmasının iqtisadi inkişafı əngəllədiyini qeyd edərək, Azərbaycanın da bu siyasətə uyğunlaşması zərurətini bildirib.

Professor Mərkəzi Bankın və kommersiya banklarının daha yumşaq və məqsədli pul-kredit siyasəti həyata keçirməli olduğunu vurğulayaraq, real sektora yönəlik kreditlərin payının çox aşağı olduğunu diqqətə çatdırıb. O, əlavə edib ki, yalnız uçot dərəcəsi ilə məhdudlaşmaq yetərli deyil:

"Bu gün uçot dərəcəsinin dəyişməsi real sektorun inkişafına və kreditlərin həcminə ciddi təsir göstərmir. Alternativ mexanizmlərin tətbiqinə və şaxələndirilmiş faiz dərəcələrinin yaradılmasına ehtiyac var."

Ekspertin fikrincə, iqtisadiyyatın inkişafı üçün özəl daxili investisiya institutunun inkişaf etdirilməsi və bu istiqamətdə ekspert cəmiyyətinin daha geniş iştirakı təmin olunmalıdır. E.Məmmədov, bank sisteminin real sektoru dəstəkləyən kredit siyasətinə daha çox diqqət ayırmasının vacibliyini vurğulayıb.

 

Pərvanə Fərhadqızı