Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov 17 dekabr 2024-cü il tarixində keçiriləcək "2022-2024-cü illər ərzində qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlara tibbi yardımın kompleks yanaşılması" mövzusunda hesabat konfransı ilə bağlı açıqlama verib.

QHT.az-a açıqlama verən Assosiasiyanın sədri tədbirin əsas məqsədinin bu müddət ərzində görülən işləri ictimaiyyətə təqdim etmək və hemofiliya xəstələrinin tibbi yardım sahəsində əldə edilən nailiyyətləri müzakirə etmək olduğunu bildirib. Ayaz Hüseynov, həmçinin qeyd edib ki, hemofiliya xəstələrinin müalicəsində kompleks yanaşmanın vacibliyi getdikcə daha çox diqqət çəkir və bu cür tədbirlər, həm müalicə üsullarının yaxşılaşdırılması, həm də xəstələrin həyat keyfiyyətinin artırılması baxımından böyük əhəmiyyət daşıyır. O, konfransda iştirak edən dövlət qurumları, tibb işçiləri və pasiyent təşkilatlarının əməkdaşlığı ilə gələcəkdə daha çox irəliləyişlərin əldə olunacağına inandığını vurğulayıb.

Tədbir, həmçinin hemofiliya xəstələrinin tibbi xidmətlə təmin edilməsi, müalicə metodlarının təkmilləşdirilməsi və maarifləndirmə sahəsində atılacaq addımları da əhatə edəcək. Ayaz Hüseynov, bu cür layihələrin hemofiliya xəstələrinin həyatını yaxşılaşdırmaq üçün çox mühüm olduğunu qeyd edərək, gələcəkdə bu istiqamətdə daha çox fəaliyyət göstərməyi planlaşdırdıqlarını bildirib.

 

Pərvanə Fərhadqızı