Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov QHT.az- a verdiyi açıqlamada işğaldan azad edilmiş ərazilərdə bərpa və inkişaf işlərinin müsbət qiymətləndirildiyini bildirib.

Professor qeyd edib ki, dövlət büdcəsindən hər il təqribən 4 milyard manatlıq vəsait məhz bu ərazilərin bərpasına yönəldilir ki, bu da dövlət kapital qoyuluşlarının təxminən 50 faizini təşkil edir. Bu, dövlətin bu sahəyə nə qədər əhəmiyyət verdiyini göstərir. Professor Məmmədov infrastruktur layihələrinin uğurla həyata keçirildiyini vurğulayaraq, hava limanlarının, avtomobil yollarının və digər infrastruktur obyektlərinin tikintisinin yüksək səviyyədə aparıldığını bildirib. Lakin bu işlərin davamlı iqtisadi artıma səbəb olması üçün özəl investisiyaların artırılması və kommersiya banklarının daha fəal iştirakı vacibdir.

“Dövlətin öz üzərinə düşən işi layiqincə gördüyü aydındır, lakin özəl sektorun və kommersiya banklarının bu proseslərdə aktiv iştirakını təmin etməsək, dayanıqlı iqtisadi artıma nail olmaq çətin olacaq,” – deyə E. Məmmədov qeyd edib.

Sonda professor 2024-cü ilin yekunlarına əsasən azad edilmiş ərazilərdə aparılan bərpa işlərini müsbət qiymətləndirib və özəl sektorun daha da aktivləşməsinin vacibliyini vurğulayıb.

 

Pərvanə Fərhadqızı