Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov QHT.az-a verdiyi açıqlamada ölkədə investisiyaların qoyuluş həcmi və Mərkəzi Bankın bazarda aktivliyinin artırılması ilə bağlı vacib məqamlara toxunub.

QHT.az xəbər verir ki, professorun sözlərinə görə, ilin ilk 10 ayında 14 milyard manatdan artıq investisiya qoyuluşu qeydə alınsa da, xarici investisiyalar və dövlət kapital qoyuluşları çıxıldıqda qalan rəqəmlər olduqca aşağıdır. Bank sektorunun bu sahədəki payının da hədəflərdən aşağı olduğunu vurğulayan Elşad Məmmədov qeyd edib ki, Mərkəzi Bank yalnız uçot dərəcəsi və faiz siyasəti ilə deyil, daha geniş və bazar iqtisadiyyatına uyğun tənzimləyici alətlərlə bazarda aktivliyi təmin etməlidir.

O, Mərkəzi Bank haqqında qanunvericilikdə dəyişikliklərin mümkünlüyünü vurğulayıb:

"Makroiqtisadi hədəflərə nail olmaq üçün Mərkəzi Bankın funksionallığı genişlənməlidir. Yalnız inflyasiya və valyuta məzənnəsinin tənzimlənməsi ilə kifayətlənmək olmaz. Mərkəzi Bank məşğulluq, ÜDM dinamikası və investisiyaların həcmi ilə bağlı tənzimləyici mexanizmləri də nəzərdən keçirməlidir. Çünki investisiyaların əsas mənbəyi bank sektorudur və bu sahədə həlledici rol Mərkəzi Banka məxsusdur."

 

Pərvanə Fəhadqızı